×
A
A
A
Sazlamalar

İki istedadlı gənc ifaçı eyni səhnəni bölüşəcək

Bakı, 11 fevral, AZƏRTAC

Fevralın 28-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində “Günümüzün gəncləri” adlı konsert keçiriləcək.
AZƏRTAC xəbər verir ki, solistlər respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Vurğun Vəkilov və Atabala Manafzadə konsertdə xarici bəstəkarların əsərlərini ifa edəcəklər.
Vurğun Vəkilov Azərbaycanın gənc istedadlarının "Qızıl kitabına" adı yazılmış və Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülmüş ifaçıdır. O, VIII "Çitta di Pesaro", Fransanın Annemas şəhərində keçirilən beynəlxalq müsabiqələrin laureatı olub. Hazırda Fransanın Paris şəhərində "Ecole Normale de Musique de Paris - Alfred Cortot" konservatoriyasında təhsilini davam etdirir.
Atabala Manafzadə “Gənc pianoçuların II respublika müsabiqəsi”ndə I dərəcəli, Polşanın Azərbaycandakı səfirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "Uşaq və Gənclər üçün F.Şopen müsabiqəsi"ndə II dərəcəli, Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən IX "Davorin Jenko" beynəlxalq müsabiqəsində iki yaş qrupunda (B,C) yarışaraq, hər iki kateqoriya üzrə I dərəcəli, Türkiyənin İstanbul şəhərində keçirilən "VII Pera Piano" kimi bir çox müsabiqələrdə I dərəcəli yerə layiq görülüb, həmçinin “Aleksandr Skryabinin əsərinin ən yaxşı ifaçısı” nominasiyasını qazanıb. Adı Azərbaycanın Gənc istedadlarının “Qızıl kitabı”na yazılaraq, Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb.
Qeyd edək ki, "Gənclərə dəstək" layihəsinin əsas vəzifəsi ölkədə gənc istedadların üzə çıxarılması, eyni zamanda dünya və yerli musiqi mədəniyyəti ənənələrinin qorunub saxlanılması və inkişafıdır. Layihə çərçivəsində təqdim olunan proqramlar müxtəlif zövqlərə malik çox geniş auditoriyaya - yüksək akademik üslubun bilicilərinə, muğam, caz, estrada, eləcə də xor musiqisi həvəskarlarına ünvanlanıb.

 

 

 

Musiqi 2022-02-11 12:21:00