×
A
A
A
Sazlamalar

“Sony” şirkəti Bob Dilanın bütün musiqi kataloqunu satın alıb

Bakı, 25 yanvar, AZƏRTAC

Amerikalı müğənni Bob Dilan ötən ilin iyulunda karyerası boyu lentə aldığı bütün musiqi kataloqunu Yaponiyanın “Sony” şirkətinə satıb. Bu barədə bazar ertəsi şirkətin mətbuat xidməti məlumat yayıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Sony Music Entertainment” yanvarın 24-də ictimaiyyətə açıqlamasında Bob Dilanın bütün musiqi kataloqunu, eləcə də gələcəkdə buraxılacaq bir neçə yeni mahnının hüquqlarını əldə etdiyini bildirib. “Variety” jurnalının məlumatına görə, sövdələşmənin dəyəri 150-200 milyon dollar arasında olub.
2020-ci ilin dekabr ayında Bob Dilanın mahnılarının bütün kataloqunun müəllif hüququ dünyanın ən böyük səsyazma şirkəti olan “Universal Music Group” tərəfindən alınıb. “The New York Times” qəzetinin yazdığına görə, sövdələşmənin dəyəri o zaman 300 milyon dolları keçmişdi.
Xatırladaq ki, Bob Dilan on qat Qremmi mükafatının (1973-2007) və Qremminin “Həyatı boyu qazandığı nailiyyət” nominasiyalı xüsusi mükafatının (1991), həmçinin Ədəbiyyat üzrə Nobel mükafatının (2016) qalibidir. O, “Rolling Stone” jurnalının “Bütün zamanların 100 ən böyük sənətçisi” siyahısında birincidir.

 

Musiqi 2022-01-25 11:40:00