×
A
A
A
Sazlamalar

“Etnoorqanologiya: Aktual problemlər və vəzifələr” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakı, 2 may, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi çərçivəsində “Etnoorqanologiya: Aktual problemlər və vəzifələr” mövzusunda onlayn şəkildə “Zoom” proqramı vasitəsilə beynəlxalq elmi-praktik konfrans keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Oman Sultanlığı, Gürcüstan, Qazaxıstan, Özbəkistan alimləri məruzələrlə çıxış edib, Qırğızıstandan isə çoxsaylı dinləyicilər qoşulub.
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxışında tarixin mühüm bir parçası olan qədim alətlərin bərpası və tanınması üçün həyata keçirilən genişmiqyaslı layihələri xüsusilə vurğulayıb. O, qədim alətlərin tanıdılmasının və təbliğinin aparılmasının əhəmiyyətini qeyd edərək, türk dünyasında bir-birinə bənzəyən alətlərin daim birlik və dostluq simvolunun göstəricisi olmasını arzulayıb.
Daha sonra BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru Gülnaz Abdullazadə, Tədris işləri üzrə prorektoru Nərminə Quliyeva, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Yeganə Axundova, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Lalə Hüseynova çıxış ediblər.
Konfransın açılış mərasiminin qonaqlarından biri olan Universitetlərarası İncəsənət Şöbələri Təhsil Şurasının sədri, Yıldız Texnik Universitetinin İncəsənət və Dizayn fakültəsinin dekanı Turan Sağer çıxışında ustad-şagird ənənələrindən, bu xüsusiyyətin pandemiya dönəmində də davam etməsindən, hətta onlayn şəraitdə daha da genişmiqyaslı şəkil almasından danışaraq, belə ortamda bir çox dəyərli elm xadimləri ilə fikir mübadiləsi aparmağın vacibliyini və önəmini vurğulayıb. O, bugünkü onlayn şərtlərin artıq normal yaşam şəraitinə keçdiyimiz ərəfədə də davam edəcəyini söyləyərək, uzaq məsafələrdən böyük salonların dünya şöhrətli orkestr və ifaçıları dinləmə imkanlarının yarandığını, sənətin yeni bir istiqamət aldığını və bu istiqamətin daha da inkişaf edərək həyatımızın ayrılmaz hissəsinə çevriləcəyini bildirib. İstanbulun Taksim meydanında inşa edilən yeni Atatürk Mədəniyyət Mərkəzində türk dövlətlərinə məxsus musiqi alətlərindən ibarət muzeyin açılışının olacağını qeyd edən Turan Sağer dünyanın dörd tərəfindən ölkəyə gələn turistlərin muzeylə tanışlığının alətlərimizin tanınmasında böyük rol oynayacağını söyləyib.
Konfransda ənənəvi milli musiqi alətlərinin etnik kimliyi, müasir mədəniyyət məkanında etnoorqanologiya ənənələrinin qorunması və inkişafı, xalq çalğı alətlərinin bərpası və təkmilləşməsi, orqanologiya elmi musiqişünaslıqda, milli musiqi alətlərinin Avropa musiqi sisteminə uyğunlaşması problemləri, bəstəkar yaradıcılığında xalq çalğı alətlərindən istifadə bölmələri üzrə çıxışlar edilib.
Bütün iştirakçılara sertifikat təqdim olunub və “Etnoorqanologiya: aktual problemlər və vəzifələr” beynəlxalq elmi konfransının materialları və elmi məqalələr toplusu”nda məqalələri dərc edilib.
Konfransda məruzəçilərin çıxışları və təqdimatları, aparılan diskussiyalar, səslənən fikirlər, verilən təkliflər bu istiqamətin daha da dərindən araşdırılmasının və musiqi elminə yeni töhfələrin verilməsinin vacibliyini bir daha göstərib.
BMA-nın təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransa Azərbaycan Milli Konservatoriyası, Naxçıvan Dövlət Universiteti, İstanbul Texnik Universiteti, İnönü Universiteti, Ardahan Universiteti, Türk Musiqisi Dövlət Konservatoriyası, Aydın Adnan Menderes Universiteti, L.V.Sobinov adına Saratov Dövlət Konservatoriyası, Özbəkistan Dövlət Konservatoriyası, Y.Recebi adına Özbəkistan Milli Musiqi Sənəti İnstitutu, Özbəkistanın milli qvardiyasının ixtisaslaşmış akademik liseyi, Özbəkistan Elmlər Akademiyasının Sənətşünaslıq İnstitutu, Gürcü ənənəvi musiqisi muzeyi, Melodika Musiqi və Rəqs İnstitutu (Dubay), Kurmangazı adına Qazaxıstan Milli Konservatoriyası, digər institut və elmi laboratoriyaların nümayəndələri qatılıb. Bu, konfransa olan marağın göstəricisi olmaqla yanaşı, BMA-nın dəfələrlə ev sahibliyi etdiyi çoxsaylı beynəlxalq və yerli tədbirlərin yüksək səviyyədə təşkil olunmasından xəbər verir.

Musiqi 2021-05-02 03:19:00