×
A
A
A
Sazlamalar

Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə və istismara elektron icazələr sistemi sahibkarlara vebinarda təqdim edilib

Bakı, 10 iyul, AZƏRTAC 

İyulun 10-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə və istismara icazə prosedurlarını asanlaşdıran “Bir pəncərə” elektron müraciət sisteminin yeni imkanları ilə bağlı növbəti maarifləndirici seminar onlayn təşkil edilib, sahibkarları şəhərsalma proseslərinə dair maraqlandıran sual və təkliflər ətraflı müzakirə olunub.
Komitədən AZƏRTAC-a bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) vebinar formatında birgə təşkil etdiyi görüşdə tikinti sektorunda fəaliyyət göstərən şirkət nümayəndələri və fərdi sahibkarlar iştirak ediblər.
Təşkilatçılarla yanaşı, digər aidiyyəti dövlət qurumlarının da təmsil olunduğu vebinarda inşaat obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi ilə bağlı həyata keçirilən ardıcıl islahatların yaratdığı imkanlar ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçılara “Bir pəncərə” elektron sisteminin artıq yenilənmiş funksionallığı və yaxın gələcəkdə daha çox xidmətləri əhatə etmək məqsədilə planlaşdırılan təkmilləşdirilməsi barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə komitənin yaratdığı və istifadəyə verdiyi “Bir pəncərə” elektron müraciət sistemi şəffaflığı və istifadədə rahatlığı sayəsində inşaat obyektlərinin tikintisinə və istismarına icazələrin alınması prosedurunu əhəmiyyətli dərəcədə asanlaşdırıb, məmur-sahibkar ünsiyyətini minimuma endirərək iş adamlarının əlavə vaxt itkisinin qarşısını alıb.
Ötən ilin əvvəlində istifadəyə verilmiş “Bir pəncərə” portalında son dövrdə aparılmış təkmilləşdirilmə işləri nəticəsində istifadəçilər Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə və istismarına icazələrlə yanaşı, ekspertizası tələb olunan tikinti obyektlərinin istismarına da elektron icazə ala bilərlər. Ekspertizası tələb olunmayan tikinti obyektləri üçün hər iki icazə ödənişsizdir.
Vebinar çərçivəsində “Bir pəncərə” sisteminin hər bir funksional bölməsi əyani nümayiş olunub, istifadəçinin elektron kabineti vasitəsilə test müraciətin bütün mərhələləri, o cümlədən tikinti layihəsinin elektron qaydada portala yüklənməsindən başlayaraq aidiyyəti dövlət qurumlarının rəylərinin elektron qaydada toplanması və nəticədə elektron icazənin alınmasınadək bütün proses təqdim edilib.
Hazırda komitə tərəfindən sistemin daha da təkmilləşdirilməsi məqsədilə yeni xidmət növlərinin əlavə olunması istiqamətində işlər davam etdirilir ki, nəticədə ilin sonunadək “Bir pəncərə” portalı vasitəsilə bütün növ obyektlərin tikintisinə icazələrin alınması da mümkün olacaq.
Vebinarda tikintiyə və istismara icazələrin alınması sahəsində sahibkarların səsləndirdiyi təkliflər qeydə alınıb və sistemin optimizasiyası imkanları müzakirə edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Bir pəncərə” elektron sistemi tikinti şirkətlərinin böyük marağına səbəb olub, şəhərsalma prosedurlarında islahatlara dair geniş müzakirələr aparılıb.

Tikinti̇ 2020-07-10 15:50:00