×
A
A
A
Sazlamalar

Bibiheybət yolunda tikinti-bərpa işləri davam etdirilir VİDEO

Bakı, 16 yanvar, AZƏRTAC

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən davam etdirilir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tikinti-bərpa işləri sözügedən ərazidə aparılan geoloji-kəşfiyyat nəticəsində, həmçinin Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, AAYDA-nın və xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə əsasında aparılır. Yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub. Onlardan biri yamacın aşağı hissəsində, biri isə yamacın orta hissəsində olacaq. Bunun üçün ərazidə hazırda svay vurma işləri aparılır. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulur və üzərində 4 və 6 metr hündürlükdə istinad divarı inşa ediləcək. Yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün yeni drenaj və yağış-kanalizasiya sistemi yaradılır. İstinad divarlarında su axınını təmin etmək üçünsə, eninə istiqamətdə borular atılacaq.
AAYDA-nın “Azəryolelmitədqiqatlayihə” institutunun hazırladığı layihəyə əsasən, müvəqqəti 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün ərazidə işlər aparılıb, əks-dolğu işləri görülərək torpaq yatağı və yol əsası inşa edilib. “Tikinti norma və standartları”na uyğun olaraq yola 3 laydan ibarət asfalt-beton örtüyü döşənib. Yolda təhlükəsiz hərəkəti təmin etmək üçün hələlik yalnız 2 hərəkət zolağı üzrə avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Digər hərəkət zolaqlarının bərpası ərazidə tikinti-bərpa işləri tam yekunlaşdıqdan sonra mümkün olacaq.
Zolaqlardan biri şəhərə giriş istiqamətində bütün hərəkət iştirakçıları üçün, digər zolaq isə yalnız şəhərdən çıxan müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün nəzərdə tutulub. Bunun üçün ərazidə zəruri nişanlanma və xətlənmə işləri aparılıb. Digər avtonəqliyyat vasitələri “20-ci sahə” adlanan ərazidən istifadə etməklə hərəkət edə bilərlər.
Tikinti-bərpa işlərinin tam olaraq ilin birinci rübü ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Tikinti̇ 2020-01-16 11:09:00

Video