×
A
A
A
Sazlamalar

Keçən il 1376 kilometrdən çox avtomobil yolu təmir olunub

Bakı, 15 yanvar, AZƏRTAC

Yanvarın 15-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında 2019-cu il ərzində yerinə yetirilmiş işlər barədə danışılıb. S.Məmmədov bildirib ki, Prezident İlham Əliyev yol infrastrukturu ilə bağlı agentliyin qarşısında konkret tapşırıqlar qoyub. Dövlət başçısının tapşırığına uyğun olaraq, agentliyin kollektivi tərəfindən ötən il ərzində 1376 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. O cümlədən, respublika əhəmiyyətli 139,8 kilometr, yerli əhəmiyyətli 908,8 kilometr, Bakı şəhəri üzrə 301,5 kilometr, Sumqayıt şəhəri üzrə 26,5 kilometr yol çəkilib.
S.Məmmədov qeyd edib ki, ötən il respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 14 yeni körpü tikilib, 17 qəzalı vəziyyətə düşmüş körpü bərpa edilib, 7 yeraltı və 6 yerüstü piyada keçidində təmir işləri aparılıb. Ümumilikdə keçən il 54 layihə, o cümlədən 5 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatıb. Bundan əlavə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 43,8 kilometr olan 3 respublika əhəmiyyətli, uzunluğu 79,3 kilometr olan 13 kəndlərarası avtomobil yolu layihəsi, habelə uzunluğu 197,6 kilometr olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilib.
Bakı şəhərinin avtomobil yolları ilə bağlı məlumat verən S.Məmmədovun sözlərinə görə, 2019-cu ildə Bakı şəhərində ümumi uzunluğu 301,5 kilometr olan şəhər yolları yenidən qurulub və təmir olunub. O cümlədən, uzunluğu 103,9 kilometr olan yol investisiya vəsaiti hesabına, uzunluğu 197,6 kilometr olan yol isə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına aparılıb. Keçən il ərzində Bakı şəhər yollarında 1019,4 min kvadratmetr sahədə asfalt-beton örtükdə cari təmir işləri də yerinə yetirilib.
Bundan əlavə Bakı şəhəri, Xətai rayonunda “Ağ Şəhər“ layihəsi çərçivəsində uzunluğu 2 kilometr, eni 37 metr olan Mərkəzi Bulvar küçəsinin Nobel prospektinə çıxışı təmin edilib.
Daha sonra jurnalistlərin sualları cavablandırılıb.

Tikinti̇ 2020-01-15 15:05:00