×
A
A
A
Sazlamalar

MİDA: 1400-dək ailə güzəştli mənzilə sahib olub

Bakı, 24 dekabr, AZƏRTAC 

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində bu il oktyabrın 16-sı və 18-də “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 570 mənzildən 568-nin alqı-satqısı uğurla başa çatdırılıb.
Agentliyin İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, həmin mənzillərdən 17-si cari ilin oktyabrın 18-də “Güzəştli mənzil” sistemi vasitəsilə gözləmə qaydasında mənzil seçimi etmiş şəxslər tərəfindən əldə edilib. Mənzilə sahib olmuş vətəndaşlardan 146-sı mənzili öz vəsaiti hesabına, 422-si isə güzəştli ipoteka krediti hesabına əldə ediblər.
Ümumilikdə isə bu günədək keçirilən 5 satışın nəticəsində 1385 ailə MİDA-nın ilk layihəsi - Yasamal Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub. Güzəştli şərtlərlə əldə edilmiş mənzillərdən 247-si 1 otaqlı, 794-ü 2 otaqlı, 344-ü isə 3 otaqlıdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilib.
Dekabrın 25-də kompleksdə qalan 248 mənzilin satışı həyata keçiriləcək.
Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılmış Komissiyanın müraciətinə əsasən, hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Hövsan Yaşayış Kompleksində yerləşən 436 ədəd tam təmirli mənzil ayrılıb. Hazırda həmin mənzillərin hərbi qulluqçuların mülkiyyətinə verilməsi və onların adlarına rəsmiləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Tikinti̇ 2019-12-24 14:22:00