×
A
A
A
Sazlamalar

On bir ayda paytaxtın 267 kilometr uzunluğunda qəsəbədaxili küçə və yolları təmir edilib VİDEO

Bakı, 19 dekabr, AZƏRTAC 

Vətəndaşların gediş-gəlişində, xüsusən də payız-qış mövsümündə problemlər yaranan Bakı şəhərinin qəsəbədaxili yollarında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu işlər çərçivəsində cari ilin 11 ayında Sabunçu rayonunda 91,6 kilometr uzunluğunda 567 min kvadratmetr sahəyə, Xətai rayonunda 17,7 kilometr uzunluğunda 201 min kvadratmetr sahəyə, Yasamal rayonunda 7,4 kilometr uzunluğunda 151 min kvadratmetr sahəyə, Binəqədi rayonunda 26,2 kilometr uzunluğunda 272 min kvadratmetr sahəyə, Səbail rayonunda 14 kilometr uzunluğunda 100 min kvadratmetr sahəyə, Nizami rayonunda 4,4 kilometr uzunluğunda 73 min kvadratmetr sahəyə, Nərimanov rayonunda 10,7 kilometr uzunluğunda 183 min kvadratmetr sahəyə, Xəzər rayonunda 51 kilometr uzunluğunda 363 min kvadratmetr sahəyə, Suraxanı rayonunda 14 kilometr uzunluğunda 104 min kvadratmetr sahəyə, Pirallahı rayonunda 7,3 kilometr uzunluğunda 50 min kvadratmetr sahəyə, Qaradağ rayonunda 20,6 kilometr uzunluğunda 194 min kvadratmetr sahəyə və Nəsimi rayonunda 2,1 kilometr uzunluğunda 61 min kvadratmetr sahəyə asfalt-beton örtüyü döşənib. Ümumilikdə, 11 ay ərzində Bakı şəhərinin 12 rayonu üzrə 267 kilometr uzunluğa malik qəsəbədaxili küçə və yolların 2 milyon 322,5 min kvadratmetr sahəsində asfaltlanma işləri aparılıb.
Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır. Təmir-tikinti işləri çərçivəsində küçələrboyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Hazırda qəsəbədaxili küçə və yolların təmiri işlər davam etdirilir. İlin sonuna qədər təmir olunacaq küçə və yolların uzunluğu 300 kilometrə çatdırılacaq.
Ümumilikdə isə bu işlər çərçivəsində tərtib olunmuş qrafikə uyğun olaraq, 2023-cü ilədək Bakının 60 qəsəbəsi üzrə 2200 kilometr yolun təmiri nəzərdə tutulur.

Tikinti̇ 2019-12-19 11:14:00

Video