×
A
A
A
Sazlamalar

M2 magistralının Gəncə-Gürcüstan sərhədi hissəsi 4 zolaqlı olacaq VİDEO

Bakı, 4 dekabr, AZƏRTAC

Bakıdan Gürcüstan sərhədinədək 503 kilometr məsafəni əhatə edən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun paytaxtdan Gəncə şəhərinədək olan hissəsinin müxtəlif illərdə I texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, hazırda magistral yolun 130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası davam etdirilir. Tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan yerinə yetirilir, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun keyfiyyətlə aparılır.
Layihəyə əsasən, yolun ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla, 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72,5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 santimetr təşkil edəcək. Hazırda yolboyu yeni torpaq yatağının tikintisi, qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suötürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb.
Layihə çərçivəsində 31 yol qovşağı və ötürücüsü, 13 avtomobil körpüsü, 69 yeraltı keçid, 39 düzbucaqlı su keçidi, 523 suötürücü boru inşa edilir. Layihə boyu zəruri yerlərdə 86 avtobus dayanacağı quraşdırılacaq. Layihənin icrası zamanı tikinti ərazisinə və mühafizə zolaqlarına düşən maneələrin köçürülməsi, torpaqlara görə vətəndaşlara kompensasiyaların ödənilməsi qanunvericiliyə əsasən və inşaat işlərindən öncə həyata keçirilir.
130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə I texniki dərəcəli avtomobil yolu vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişini təmin edəcək. Bundan başqa, layihənin üstünlüyü ondan ibarətdir ki, yol iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həm həmin yaşayış məntəqələrində yaşayan əhalinin, həm də yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmli aspektlərdən biridir.
Layihə tam reallaşdıqdan sonra şərqdən qərbə və əks istiqamətdə Böyük İpək Yolunun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq. Bundan başqa, yolun tikintisi kənd təsərrüfatı, turizm və sənayenin inkişafına gətirib çıxarmaqla yolboyu yaşayan əhalinin sosial həyatına müsbət təsir göstərəcək.

Tikinti̇ 2019-12-04 11:17:00

Video