×
A
A
A
Sazlamalar

Cari ildə 903 kilometrlik yolda tikinti və yenidənqurma işləri görülüb

Bakı, 30 oktyabr, AZƏRTAC 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) 2019-cu ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.
AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclas iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin agentliyin binasındakı büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Agentliyin idarə heyətinin sədri Saleh Məmmədov bu ilin 9 ayında Prezident İlham Əliyevin tapşırıq və sərəncamları əsasında respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirildiyini və bir sıra nailiyyətlər əldə edildiyini qeyd edib. O, ölkə başçısının sədrliyi ilə bu ilin yanvarın 11-də keçirilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, Prezident İlham Əliyevin tərəfindən cari ildə agentlik qarşısında ən azı 1000 kilometr avtomobil yolunun salınması kimi çox məsuliyyətli tapşırıq qoyulduğunu xatırladıb.
S.Məmmədov diqqətə çatdırıb ki, dövlətimizin başçısının tapşırığının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari il üçün tərtib edilmiş Tədbirlər Planına əsasən, həmçinin Prezident İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq 9 ayda ümumi uzunluğu 903,5 kilometr təşkil edən 32 layihə üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. Buraya 4 respublika əhəmiyyətli, 23 kəndlərarası və Bakı şəhərinin 5 qəsəbələrarası avtomobil yolu layihələri daxildir.
İdarə heyətinin sədri əlavə edib ki, hesabat dövründə respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 10 yeni körpü tikilib, 12 qəzalı vəziyyətə düşmüş körpü bərpa edilib, 7 yeraltı və 6 yerüstü piyada keçidində təmir işləri aparılıb. Bu ilin 9 ayı ərzində Bakı şəhərində təmirə ehtiyacı olan ümumi uzunluğu 242,8 kilometr küçə və avtomobil yollarında, habelə qəsəbədaxili yollarda əsaslı təmir işləri yerinə yetirilib.
Qeyd olunub ki, 9 ayda xarici kredit vəsaiti hesabına M-2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130,15 kilometr, 4 hərəkət zolaqlı), R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması (70,5 kilometr, 2 hərəkət zolaqlı), M-5 magistral avtomobil yolunun Yevlax-Şəki hissəsinin yenidən qurulması (58,12 kilometr, 2 hərəkət zolaqlı), R-32 Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası (59,8 kilometr, 2 hərəkət zolaqlı) layihələri üzrə işlər davam etdirilib.
Daha sonra AAYDA-nın müvafiq idarə rəhbərlərinin hesabat məruzələri dinlənilib və dövlətimizin başçısının tapşırığına uyğun olaraq bu ilin sonuna qədər 1000 kilometrdən çox avtomobil yolu yenidən qurulub, bərpa və təmir olunub vətəndaşların istifadəsinə verilməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Tikinti̇ 2019-10-30 15:53:00