×
A
A
A
Sazlamalar

Paytaxtın Səməd bəy Mehmandarov küçəsi yenidən qurulub VİDEO

Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir. Bu çərçivədə Xətai rayonu ərazisində uzunluğu 3,2 kilometr, eni isə 20 metr olan Səməd bəy Mehmandarov küçəsində yenidənqurma və bərpa işləri yekunlaşdırılıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində küçəyə yeni asfalt-beton örtüyü döşənib. Asfaltlanma işləri ümumilikdə 65 min kvadratmetr sahəni əhatə edib. Səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi yenidən bərpa olunub, küçəboyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri bərpa olunaraq kənarlarına yeni səki daşları düzülüb.
Bundan başqa, Səməd bəy Mehmandarov küçəsində istiqamətləri ayırmaq məqsədilə eni 1 metr olan ayrıcı zolaq inşa olunub, kənarlarına səki daşları, üzərinə isə tamet daşları düzülüb. Daha sonra sutkanın qaranlıq saatlarında küçəni işıqlandırmaq üçün ayrıcı zolaqboyu yeni işıqlandırma sistemi qurulub.
Həmçinin küçəboyu zəruri yerlərdə yol nişanları quraşdırılıb, hərəkətin normal təşkili üçün üfüqi nişanlanma xətləri çəkilib.

Tikinti̇ 2019-10-16 10:33:00

Video