×
A
A
A
Sazlamalar

MİDA güzəştli mənzillərin seçimində iştirak etmək istəyənlərə müraciət edib

Bakı, 14 oktyabr, AZƏRTAC
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bu il oktyabrın 16-sı və 18-də güzəştli mənzillərin seçimində iştirak etmək istəyən vətəndaşlara müraciət edib.
MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.
İstifadəçilərə satış vaxtından bir neçə saat əvvəl sahib olduqları gücləndirilmiş elektron imza (Elektron İmza (www.e-imza.az) və ya “ASAN İmza” (www.asanimza.az) vasitəsilə "Güzəştli mənzil" sisteminə daxil olmaları tövsiyə olunur. Bu onlara Elektron İmza və ya “ASAN İmza”nın işlək vəziyyətdə olub-olmamasını, həmçinin onlayn imzalayıcı proqramının kompüterə yüklənməsini öncədən müəyyən etməyə imkan yaradacaq.
Bununla yanaşı, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən şəxslər mütləq “Güzəştli mənzil” sistemində öz elektron kabinetlərinə daxil olaraq “İlkin razılıq qərarı” bölməsində agent bankdan aldıqları razılıq qərarını imzaladıqlarına bir daha əmin olmalıdırlar.
Mənzil seçimi prosesində iştirak edən istifadəçilər tərəfindən “Seçimlər” mərhələsində “CAPTCHA” (simvollardan ibarət avtomatlaşdırılmış kod) kodu mütləq daxil edilməlidir. Müvafiq xanada əks olunan “CAPTCHA” kodu yalnız ingilis hərfləri ilə (böyük və ya kiçik hərflərlərdən istifadə etməyiniz fərq etmir) olmalıdır.

Tikinti̇ 2019-10-14 18:14:00