×
A
A
A
Sazlamalar

Yasamal Yaşayış Kompleksindəki daha 570 mənzilin satışı oktyabrda başlayacaq

Bakı, 12 sentyabr, AZƏRTAC

Bakı şəhərinin Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 10-13 nömrəli binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 nömrəli binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin satışı bu il oktyabrın 16-da saat 11:00-da başlayacaq və oktyabrın 30-u saat 11:00-dək davam edəcək.
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, “MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi oktyabrın 18-də saat 11:00-da başlayacaq və oktyabrın 30-da saat 11:00-dək davam edəcək.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli Fərmanına əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir. “Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat

Satışa ümumilikdə 570 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 30.01.2017-ci il tarixli 23206 nömrəli, 31.01.2017-ci il tarixli 23210 nömrəli və 17.03.2017-ci il tarixli 23364 nömrəli müsbət rəyləri mövcuddur. Mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib.

Satış şərtləri və qiymətlər
Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər. Bir otaqlı mənzillərin qiyməti 29 min 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti 47 min 652 manatdan, 3 otaqlı mənzillərin qiyməti isə 65 min 997 manatdan başlayır. Mənzillərin satış qiymətinə ƏDV daxildir. Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

İllik faiz dərəcəsi

Müddət

Minimal ilkin ödəniş

Aylıq ödəniş*

1 otaqlı

2 otaqlı

3 otaqlı

4%

3-30 il

10%

129-136 manat

205-236 manat

284-288 manat

* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

         Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 faiz endirim əldə edəcək. Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

Otaqların sayı

Mənzilin qiyməti

(manat)

Əlavə endirim məbləği

(manat)

Əlavə endirimdən sonra mənzilin satış qiyməti

(manat)

1

29 925 

2 992

26 933

2

47 652 

4 765

42 887

3

65 997 

6 600

59 397

Mənzillərin satış qiymətinə ƏDV daxildir. Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür. Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 nömrəli və Sumqayıt), habelə “108” Çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

Tikinti̇ 2019-09-12 11:05:00