×
A
A
A
Sazlamalar

Yanvar-iyulda qeyri-neft-qaz sektoruna yönəldilmiş vəsaitin həcmi 9,7 faiz artıb

Bakı, 21 avqust, AZƏRTAC

2019-cu ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyard 395,5 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu, neft-qaz sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub.
Qeyri-neft-qaz sektoruna yönəldilmiş vəsaitin həcmi isə 9,7 faiz artıb. Ümumi sərmayənin 4 milyard 755,1 milyon manatı və ya 64,3 faizi məhsul istehsalı sahələrinin, 1 milyard 950,5 milyon manatı (26,4 faizi) xidmət sahələrinin, 689,9 milyon manatı (9,3 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.
Ümumi sərmayənin 47,7 faizi dövlət, 52,3 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 67,7 faizi tikinti-quraşdırma işlərinə sərf olunub.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 70,8 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 4 milyard 85,5 milyon manat, bank kreditləri 584,9 milyon manat, büdcə vəsaitləri 2 milyard 81,3 milyon manat, büdcədənkənar fondların vəsaitləri 113,4 milyon manat, əhalinin şəxsi vəsaitləri 506,6 milyon manat, digər vəsaitlər isə 23,8 milyon manat olub.

Tikinti̇ 2019-08-21 18:44:00