×
A
A
A
Sazlamalar

Bakı Musiqi Akademiyasında gənc musiqiçilərin festivalı təşkil olunub

Bakı, 14 may, AZƏRTAC

Mayın 14-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Soltan Hacıbəyovun 100 və İsmayıl Hacıbəyovun 70 İlliyinə həsr olunmuş fortepiano və vokal nominasiyaları üzrə Gənc Musiqiçilərin Respublika Festivalının açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində BMA-nın rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək festivalın əhəmiyyətindən söz açıb. O, Soltan Hacıbəyov və oğlu İsmayıl Hacıbəyovun yaradıcılığının Azərbaycan musiqi sənətinin inkişafında rolundan danışıb, müasiri olan İsmayıl Hacıbəyovla bağlı xatirələrini bölüşüb.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova çıxış edərək bəstəkarların yaradıcılığı haqqında məlumat verib.
Bir həftə davam edəcək festivala Azərbaycanın 16 şəhər və rayonundan 160-a yaxın musiqiçi qatılacaq. Festivala qatılanlar klassik əsərlərlə yanaşı, hər iki bəstəkarın bəstələrinə də müraciət edəcəklər.

Musiqi 2019-05-14 17:45:00