×
A
A
A
Sazlamalar

Güzəştli mənzillərin növbəti seçim prosesi uğurla başa çatdırılıb

Bakı, 29 aprel, AZƏRTAC 

Aprelin 29-u Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzilin, 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə isə 154 mənzilin satışı prosesinə saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.
MİDA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, satışa çıxarılan 154 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə eldən şəxslərin sayı 11 min 3 nəfərdir.
Bugünkü satış zamanı 154 mənzilin seçimində iştirak edənlərin sayı 4 min 624 nəfər olub. Bu isə güzəştli mənzillərə vətəndaşların tələbatının və marağının yüksək olduğunun göstəricisidir. Bu saata olan məlumata görə, seçilmiş 154 mənzilin 147-si vətəndaşlar tərəfindən imzalanaraq ərizələri təqdim edilib.
Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də seçim prosesini canlı müşahidə edənlər arasında olub.

Tikinti̇ 2019-04-29 15:35:00