×
A
A
A
Sazlamalar

Muğam Mərkəzində tara həsr edilmiş elmi-praktiki konfrans olub

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 20-də Beynəlxalq Muğam Mərkəzində “Dəyirmi masa” layihəsi çərçivəsində “Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri” adlı elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Milli Konservatoriyanın prorektoru Lalə Hüseynova çıxış edərək konfransın əhəmiyyətindən söz açıb. Qeyd edib ki, milli musiqi alətimiz olan tarı yaşatmaq, onu daha da təkmilləşdirərək gələcək nəsillərə çatdırmaq üçün belə tədbirlərin təşkili və görülən işlər olduqca təqdirəlayiqdir.
“Konservatoriyanın nəzdində yaradılan Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi (elmi-tədqiqat) laboratoriyasında çox mühüm işlər görülür. Burada hər bir musiqi aləti təkmilləşdirilir, qədim alətlər bərpa olunur, yeni alətlər yaradılır. Bu, kifayət qədər çətin prosesdir. Lakin burada böyük işlər görülməklə yanaşı, laboratoriyanın əməkdaşları yorulmadan çalışırlar. Bununla yanaşı, laboratoriyada görülən işlər, həyata keçirilən yeniliklər ictimaiyyətlə də mütəmadi olaraq bölüşdürülür. Fürsətdən istifadə edib bu işdə zəhməti olan hər kəsə təşəkkür edir, yeni uğurları arzulayıram”.
Sonra Milli Konservatoriyanın Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi (elmi-tədqiqat) Laboratoriyasının rəhbəri Məmmədəli Məmmədovun tar əmsallarına və standartlarına həsr edilmiş məruzəsi dinlənilib.
Konfrans maraq doğuran sualların müzakirəsi ilə davam edib.

Musiqi 2019-04-20 13:33:00