×
A
A
A
Sazlamalar

Binəqədidə qəsəbədaxili 15 küçədə təmir-bərpa işləri aparılıb VİDEO

Bakı, 5 aprel, AZƏRTAC

Binəqədi rayonunda qəsəbədaxili 15 küçədə təmir-bərpa işləri aparılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yol infrastrukturunun yenidən qurulması işləri Binəqədi rayonunun Binəqədi, Rəsulzadə, Biləcəri, Sulutəpə və 28 May qəsəbələrinin, həmçinin “Vorovski” yaşayış massivi və “1 May” yeni yaşayış massivinin ümumi istifadədə olan, müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların istifadə etdiyi və əsas sosial obyektlərin yerləşdiyi küçə və yollarını əhatə edir.
Cari ilin əvvəlindən sözügedən qəsəbələrdə start verilən təmir-tikinti işləri çərçivəsində artıq ümumi uzunluğu 7 kilometrdən çox olan 15 küçənin 50 min kvadratmetr sahəsində təmir-bərpa işləri aparılaraq yekunlaşdırılıb. Biləcəri qəsəbəsində - Aşıq Şəmşir, Xaqani, Qafur Məmmədov, Xudadat bəy Məlikaslanov, Asəf Zeynallı küçələri, “1 May” yeni yaşayış massivinin küçələri və 6-cı məhəllə 50, 57, 68 saylı binaların ətraf yolları təmir edilib.
Rəsulzadə qəsəbəsinin Zahid Qəmbərov, Zahid Qəmbərov 1-ci döngə, Aydınbəyov, Əli Məmmədov küçələrində, həmçinin Baksol küçəsində və bu küçəyə birləşən giriş yollarında təmir-bərpa işləri aparılıb. “Vorovski” yaşayış massivində 2 küçədə - Mahir Qədirov və Koroğlu küçələrində, Binəqədi qəsəbəsində 3-cü mədən küçəsində təmir işləri görülüb.
Sadalanan küçə və yollar boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks-dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb.

 

Tikinti̇ 2019-04-05 15:16:00

Video