×
A
A
A
Sazlamalar

Yasamal Yaşayış Kompleksində mənzillərin ikinci satışı başa çatıb

Bakı, 28 mart, AZƏRTAC 

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1-7 saylı binaları üzrə bu ilin yanvarın 25-də “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 174 mənzildən 152-sinin alqı-satqısı başa çatıb.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, güzəştli şərtlərlə əldə edilmiş 152 mənzildən 37-si 1 otaqlı, 83-ü 2 otaqlı, 32-si isə 3 otaqlıdır. Mənzilə sahib olmuş vətəndaşlardan 34-ü mənzili öz vəsaiti hesabına, 118-i isə güzəştli ipoteka krediti hesabına əldə edib.
Mənzilləri əldə edən vətəndaşlardan ilkin olaraq 6 faizi “Güzəştli mənzil” sistemində qeydiyyat zamanı mənzili öz vəsaiti hesabına almaq niyyətini bildirsə də, alqı-satqı zamanı bu rəqəm 22 faizədək yüksəlib. Mənzilləri öz vəsaiti hesabına əldə edən vətəndaşlar agentlik tərəfindən tətbiq edilən əlavə endirimlərdən yararlanaraq:
- 1 otaqlı mənzil üçün 28 min 301 manat (endirimdən əvvəl bu məbləğ 31 min 445 manat olub),
- 2 otaqlı mənzil üçün 42 min 904 manat (endirimdən əvvəl bu məbləğ 47 min 671 manat olub,
- 3 otaqlı mənzil üçün 59 min 432 manat (endirimdən əvvəl bu məbləğ 66 min 35 manat olub) ödəniş edib.
Bununla yanaşı, mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olan vətəndaşlara da endirimlər tətbiq olunub. Həmin şəxslərdən 33 faizi minimal tələbdən artıq ilkin ödəniş etdiyindən 10 faizi həcmində əlavə endirimlə mənzilə sahib olub. Nəticədə:
- 1 otaqlı mənzil üçün aylıq ödəniş 92 manatdan (360 ay müddətinə; satış elanında 1 otaqlı mənzil üçün 129-136 manat aylıq ödəniş qeyd olunub);
- 2 otaqlı mənzil üçün aylıq ödəniş 142 manatdan (360 ay müddətinə; satış elanında 2 otaqlı mənzil üçün 205-236 manat aylıq ödəniş qeyd olunub);
- 3 otaqlı mənzil üçün aylıq ödəniş 269 manatdan (360 ay müddətinə; satış elanında 3 otaqlı mənzil üçün 283-288 manat aylıq ödəniş qeyd olunub) başlayır.
Mənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər və ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər üstünlük təşkil edir. Ümumilikdə mənzil alanların 58 faizinin yaşı 35-ə qədərdir.
Vətəndaşlar tərəfindən seçilən, lakin sonradan əldə etmədikləri mənzillərin sayı isə 22-dir (7-si 1 otaqlı, 9-u 2 otaqlı, 6-sı 3 otaqlı).
Həmin mənzillər növbəti elanda digər mənzillərlə birlikdə yenidən satışa çıxarılacaq.
Mənzillərin əldə edilməməsinin səbəbləri:
- Seçdiyi mənzilin otaq sayı və mərtəbəliliyi ilə bağlı qərarını sonradan dəyişdiyinə görə – 5 nəfər;
- Ailənin gəliri güzəştli ipoteka krediti əldə etməyə və mənzili öz vəsaiti hesabına almağa kifayət etmədiyinə görə – 10 nəfər;
- Güzəştli kateqoriyaya aid statusunu itirdiyindən ipoteka krediti verilmədiyinə görə – 3 nəfər; (“Gənc ailə” (35 yaş) statusunu itirdiyindən – 2 nəfər, iş yerini tərk edən – 1 nəfər)
- Yaşı ipoteka kreditinin verilməsi həddini keçdiyinə görə (63 yaş və yuxarı) – 2 nəfər;
- Şəxsi səbəblərə görə – 2 nəfər.
Qeyd olunub ki, Yasamal Yaşayış Kompleksində mənzillərin 2018-ci il sentyabrın 5-i və 2019-cu il yanvarın 25-də həyata keçirilən satışların nəticəsində ümumilikdə 430 nəfər güzəştli mənzilə sahib olub.
“Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxslərin sayı hazırda 10 min 543 nəfərdir. Yaxın vaxtlarda Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.

Tikinti̇ 2019-03-28 14:45:00