×
A
A
A
Sazlamalar

Binəqədidə uzunluğu 12 kilometrdən çox olan yol və küçə təmir edilir

Bakı, 27 mart, AZƏRTAC
Binəqədi rayonunun Biləcəri, Sulutəpə və 28 May qəsəbələrini əhatə edən 12 kilometrdən çox küçə və yolların təmir-bərpa işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu, Binəqədi qəsəbəsində 1-ci mədən və 2-ci mədən küçələri, 2-ci mədən küçəsinin 70-92-ci korpuslarını əhatə edən yollar, Biləcəri qəsəbəsinin Ordubadi küçəsi, Sulutəpə qəsəbəsinin Ruslan Allahverdiyev küçəsi və həmin küçəyə paralel qəsəbədaxili yol, həmçinin 28 May qəsəbəsinin daxili yollarıdır.
Təmir-tikinti işləri ilkin mərhələdə sözügedən ərazilərdə aparılır. İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Binəqədi rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur. Daha sonra yaxın müddətdə Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı, Firdovsi Vəliyev küçələrində, Biləcəri qəsəbəsinin Teymur Yaqubov, Ələkbərov və Haşimi küçələrində, həmçinin qəsəbədaxili və məhləarası yollarında, digər küçə və yollarda da təmir-tikinti işləri davam etdiriləcək.
Sözügedən yollar vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxaracaq.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə həyata keçirilir. İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Tikinti̇ 2019-03-27 18:10:00