×
A
A
A
Sazlamalar

Əməkdar artist Qoçaq Əsgərov Bəhreyndə möhtəşəm konsert proqramı ilə çıxış edib

Bakı, 11 mart, AZƏRTAC

Tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov Bəhreyndə möhtəşəm konsert proqramı ilə çıxış edib.
Bu barədə təəssüratlarını AZƏRTAC-la bölüşən xanəndə deyib ki, konsertdə onu tarda İbrahim Babayev, kamançada Elnur Mikayılov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət edib.
“Konserti Fransada yaşayan əlcəzairli Naila Əl- Xaleq təşkil etmişdi. Bu xanımla bizim müqaviləmiz var, o, bizim Türkiyə, İran və ərəb ölkələrindəki konsertlərimizin təşkilatçılığını üzərinə götürüb. Bəhreyindəki konsertimiz şəhərin ən məşhur zallarından olan Şeyx İbrahim Zalında reallaşdı. Konsertdə “Mahur” muğamını, “Şur” kompozisiyasını, “Bayatı-Şiraz” təsniflərini ifa etdik. Düşünürəm ki, konsertimiz insanlar tərəfindən bəyənildi”, - deyə Q.Əsgərov söyləyib.
Gələcək qastrol planları ilə bağlı danışan xanəndə deyib ki, növbəti qastrol konsertləri aprel ayı üçün nəzərdə tutulur. Belə ki, konsertlər Fransa, Türkiyə, Livan və digər ölkələrə planlaşdırılır.
İndiyədək 70-dək xarici ölkədə konsert proqramı ilə çıxış edən Q.Əsgərov söyləyib ki, hər zaman ölkəmizin adını xarici qastrollarda uca tutmaq və milli mədəniyyətimizi təmsil etməkdən qurur duyur.
Xatırladaq ki, xanəndə bundan öncə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə konsert verib. Konsertdə xanəndənin “Şur” muğamını ifa etməsi zalda böyük çoşqu ilə qarşılanıb. Konserti izləyənlər arasında ərəb şeyxi və səfirliyimizin nümayəndələri də olub.
Qeyd edək ki, xanəndənin ən məşhur konsertlərindən biri İngiltərənin “Royal Albert Hall” da reallaşıb.

Musiqi 2019-03-11 11:21:00