×
A
A
A
Sazlamalar

Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib

Ankara, 26 dekabr, AZƏRTAC 

Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ankaradakı səfirliyi, “2018 Hərəkatı”, Türkiyədə fəaliyyət göstərən Yerli Düşüncə Dərnəyi və Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Peşə Birliyi (İLESAM) tərəfindən birgə təşkil olunan tədbirdə rəsmi şəxslər, Azərbaycan və Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Mərasimdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Türkiyə Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının üzvü Səidə Ekmən və başqalarının çıxışları dinlənilib.
Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və fəaliyyətindən, xalqımızın milli azadlıq mübarizəsindən, eləcə də 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra respublikamızın üzləşdiyi çətinliklərdən, Ermənistanın işğalçılıq siyasətindən danışılıb. Eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması və onun milli bayrama çevrilməsi tarixi barədə iştirakçılara müfəssəl məlumat verilib. Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edən çıxışçılar diqqətə çatdırıblar ki, Ulu Öndər tərəfindən möhkəm təməl üzərində qurulan Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bu gün daha da möhkəmləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında inkişaf dinamikasının qorunmasında böyük gücə malikdir.
Tədbir çərçivəsində yazıçı-publisist Zemfira Məhərrəmlinin Türkiyədə nəşr olunan “Qarabağ müharibəsi: zərif talelər” (sənədli hekayələr və portret yazılar) kitabının təqdimatı olub. Kitab “2018 Hərəkatı” tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin 100-cü ildönümünə hədiyyə olaraq nəşr etdirilib.
“Qarabağ müharibəsi: zərif talelər” kitabı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

CÜMHURİYYƏT - 100 2018-12-26 11:23:00