×
A
A
A
Sazlamalar

“AzerGold” QSC Cümhuriyyətin 100 illiyi münasibətilə elan olunan təqaüd proqramını yekunlaşdırıb

Bakı, 28 dekabr, AZƏRTAC

“AzerGold” QSC Cümhuriyyətin 100 illiyi münasibətilə elan olunan təqaüd proqramını yekunlaşdırıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə elan olunan təqaüd proqramının yekunlarına həsr olunan tədbir keçirib. Tədbir çərçivəsində “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və mövcudluğunu milli tariximizin vacib səhifələrindən olduğunu bildirərək, təqaüd proqramının şirkətin sosial məsuliyyət siyasəti çərçivəsində Azərbaycanda elmin inkişafına, Cümhuriyyət dövrü tarixinin, respublikaçılıq ənənələrinin araşdırılmasına dəstək vermək məqsədilə elan edildiyini qeyd edib.
Müsabiqənin münsiflər heyətinin üzvü, tarixçi alim Firdovsiyyə Əhmədova dövlət başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” kimi elan olunmasının yüksək əhəmiyyətini vurğulayıb. “AzerGold” QSC-nin tarixi tədqiqatları stimullaşdıran azsaylı şirkətlərdən olduğunu qeyd edərək, tarixçi alim digər şirkətləri də bu müsbət nümunədən faydalanmağa çağırıb.
Daha sonra tarixçi alim Anar Vəliyev, növbəti illərdə də tarix elminin inkişafını dəstəkləyəcək tədqiqatların aparılmasının vacibliyini vurğulayıb.
Cari ilin may ayında elan edilmiş müsabiqə Cümhuriyyət dövrü tarixinin az araşdırılmış istiqamətlərini əhatə edib. Tarixçi alimlər Firdovsiyyə Əhmədova və Anar Vəliyev, həmçinin “AzerGold” QSC nəzdində fəaliyyət göstərən Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Sadiqə Mehdiyevadan ibarət münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmə nəticəsində Azər Nağıyevin təqdim etdiyi “AXC-də pul və qiymətli kağızlar siyasəti”, Anar Əliyevin təqdim etdiyi “AXC dövründə sənaye, aqrar məsələlərə dair bolşevik mətbuatında əks təbliğat” və Ziyad Əmrahovun təqdim etdiyi “Azərbaycan parlamentarizminin xüsusiyyətləri” kimi mövzular səs çoxluğu ilə qalib seçilib. Müraciətçilər arasında qalib seçilən tədqiqatçıların təqdim etdikləri araşdırmaların yerli və xarici mətbuatda işıqlandırılmasına dəstək verilməsi də Sosial Məsuliyyət Komitəsi tərəfindən həyata keçiriləcək.
“AzerGold” QSC nəzdində fəaliyyət göstərən Korporativ Sosial Məsuliyyət Komitəsi növbəti illərdə də sosial elmlərin inkişafını, o cümlədən tarixi araşdırmaları təşviq edən layihələrin icrasını nəzərdə tutub.

 

İqtisadiyyat 2018-12-28 16:00:00