×
A
A
A
Sazlamalar

Azərbaycan və Türkiyə pediatrlarının Mingəçevirdə birgə elmi-praktiki konfransı keçirilib

Bakı, 14 dekabr, AZƏRTAC

Azərbaycan Pediatrlar Assosiasiyasının və bir qrup yerli klinikaların dəvəti ilə tibb sahəsində yüksək kateqoriyalı türkiyəli həkimlər elmi-praktiki konfransda iştirak etmək məqsədilə ölkəmizə səfər ediblər.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, Mingəçevirdə keçirilən Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Uşaq sağlamlığına kompleks yanaşmanın aspektləri” mövzusunda konfrans Səhiyyə Nazirliyi, Azərbaycan Pediatrlar Assosiasiyası və Uniklinikanın birgə təşkilatçılığı, Mingəçevir Regional Hospitalının dəstəyi ilə baş tutub.
Assosiasiyanın sədri, MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuğu yolunda tarixi fəaliyyətindən, ölkəmizin iqtisadi dirçəlişi və xalqımızın tərəqqisi naminə müstəsna xidmətlərindən, tibb sahəsinin inkişafı istiqamətində atdığı addımlardan bəhs edib.
Son illər səhiyyəmizin inkişafının yeni mərhələyə qədəm qoyduğunu deyən T.Tağı-zadə əhalinin sağlamlığının qorunması problemlərinin həllinə nail olmaq istiqamətində ölkə rəhbərliyi tərəfindən müəyyən edilən inkişaf strategiyasının əhəmiyyətindən danışıb. Azərbaycan səhiyyəsinin dünya standartlarına uyğun qurulması, həkimlərin peşəkarlığının artırılması yönündə genişmiqyaslı islahatların həyata keçirildiyini bildirib.
Səhiyyə Nazirliyi tərəfindən 8 DTT balı ilə dəyərləndirilən, 200-dən çox iştirakçısı olan konfransın elmi hissəsində Altınbaş Universitetindən professorlar – Gizem Zengin Ersoy, Aysel Taktak, Samed Erinç, Bahçeşehir Universitetindən professor Tunç Fışqın, Bakırköy Həkim Sədi Konuk Təhsil və Araşdırma Xəstəxanasından professor Hasret Ayyıldız Civan, Uniklinikadan radioloq Nurlan Hüseynov, travmatoloq Vüqar Mürşüdlü, Fetal Mərkəz NS Genetiks klinikasından sitogenetik Vüsalə Əliyeva, genetik Ayşən Azadova, UniPediatri - Uşaq sağlamlığı və uşaq xəstəlikləri klinikasından uşaq kardioloqu Elşən Rzayev və pediatr Elnur Hüseynov tərəfindən təqdimatlar nümayiş olunub.
Təqdimatlarda xüsusi qayğıya ehtiyacı olan, fiziki, əqli və ya sosial inkişafında funksional çatışmazlıqları, inkişaf geriliyi və ya öyrənmə əlilliyi olan uşaqların sağlamlıq proqramları, uşaq-yeniyetmə psixi sağlamlığı və xəstəlikləri mərkəzlərində müalicə qrupunun vəzifələri, körpə və uşaq ölümləri, fasiləsiz peyvənd proqramları, vaxtından əvvəl doğuş və buna bağlı xəstəliklər barədə ətraflı məlumat verilib. Ana və ailə sağlamlığı, sosial-iqtisadi vəziyyət, ətraf mühit və sosial dəstəyin uşaq sağlamlığına təsir edən mühüm amillər olduğu vurğulanıb.
Tədbirdə T.Tağı-zadə uşaqların dispanserizasiya prosesinin düzgün təşkili məsələsinə toxunub. Bununla bağlı ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş dövlət proqramının əhəmiyyətinə diqqət çəkib. Qeyd edib ki, düzgün dispanserizasiya siyasəti uşaqların sağlamlığının daha səmərəli təmininə imkan yaradır, eyni zamanda, bir çox patologiyaların ilkin mərhələdə müəyyən edilməsində, ağır xəstəliklərin qarşısının alınmasında qabaqlayıcı tədbirdir.
Bildirib ki, uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, uşaqlar arasında xəstələnmə, sağlamlıq imkanları məhdudluğunun və ölümün səviyyəsinin azaldılması və uşaqların xəstəliklərdən qorunması icbari dispanserizasiyanın əsas məqsədidir.

 

Cəmiyyət 2023-12-14 10:22:00