×
A
A
A
Sazlamalar

"Uyğun qiymətə mənzil bazarında əməkdaşlıq" mövzusunda müzakirələr aparılıb

Bakı, 26 noyabr, AZƏRTAC

Noyabrın 26-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təşkilatçılığı ilə “Uyğun qiymətə mənzil bazarında əməkdaşlıq imkanları” mövzusunda tədbir keçirilib.
MİDA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Allahverdi Paşayev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planı üzrə nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) və MİDA tərəfindən görülən işlər barədə ümumi məlumat verib.
Mənzil İnşaatı Dövlət Agentliyi aparatının rəhbəri Çingiz Qədimov agentliyin fəaliyyəti, reallaşdırılan layihələr və agentliyin fəaliyyət istiqamətlərindən danışıb, tədbirin investorların dövlət-özəl sektor əməkdaşlığına cəlb edilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) departament direktoru Mahmud Əliyevin Azərbaycanda biznes mühiti və investisiya imkanlarına, AİŞ-in icraçı direktorunun müavini Fuad Məhərrəmovun şirkətin payçı qismində iştirak etdiyi layihələrə, Mənzil İnşaatı Dövlət Agentliyinin şöbə müdiri Fərman Qurbanlının MİDA ilə özəl sektor arasında əməkdaşlığa dair təqdimatları dinlənilib.
Tədbir çərçivəsində Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi və Hövsan Yaşayış Kompleksi barədə videoçarx nümayiş olunub.
Bundan başqa, Yasamal Yaşayış Kompleksinin ərazisində nəqliyyat vasitələrinin və piyadaların rahat hərəkətinin təşkili üçün Bakı Nəqliyyat Agentliyi ilə reallaşdırılan layihənin təqdimatı keçirilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Tədbirdə 40-dan çox yerli və xarici şirkətin nümayəndəsi iştirak edib.

Tikinti̇ 2018-11-26 17:51:00