×
A
A
A
Sazlamalar

Moskva prospektində yeni asma piyada keçidi inşa edilir

Bakı, 2 oktyabr, AZƏRTAC 

Paytaxtın Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində, “Şamaxı yolu” adlanan ərazidə yeni asma piyada keçidinin inşasına başlanılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd olunub ki, yerüstü piyada keçidi 3 giriş-çıxışlı olmaqla ümumi uzunluğu 134 metr təşkil edəcək. Keçid Moskva prospektini keçməklə avtomobil tuneli üzərində inşa edildiyi üçün orta dayaqsız olacaq. Keçidin tunelin üzərindən keçən və 80 metr uzunluğa malik olan hissəsi hazırda prospektin 20 Yanvar küçəsi ilə kəsişmədə inşası aparılan və 30 metr hündürlüyə malik olacaq pilona (dirək) bərkidilmiş xüsusi asqıların (tros) köməkliyi ilə saxlanılacaq.
Bundan əlavə, sözügedən kəsişmədə yolun hər bir istiqaməti üzrə giriş-çıxış hissə inşa ediləcək. Keçidin əsas konstruksiyasına birləşəcək həmin hissənin uzunluğu isə 54 metr olacaq. Həmin hissə pilona bərkidilmiş asqıların köməkliyi ilə saxlanılacaq.
Asma keçidin yol səthindən hündürlüyü ortalama 6 metr, qalereyasının eni isə 3,5 metr təşkil edəcək.
İşlərin 2019-cu ildə yekunlaşdırılması nəzərdə tutulub.

Tikinti̇ 2018-10-02 17:59:00