×
A
A
A
Sazlamalar

Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü tarixi vəzifəni şərəflə yerinə yetirib

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafındakı xidmətləri” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar keçirilən tədbirdə YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva çıxış edib. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında Sərəncam imzaladığını xatırladan Kəmalə Mustafayeva deyib ki, bu gün ölkəmizin dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığının təmin edilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Sədr, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verib.
YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Afət İbrahimova və YAP Pirallahı rayon təşkilatı Aparatının məsləhətçisi Günel Məmmədova çıxış edərək bildiriblər ki, qısa müddətdə mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçiliyin möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin qurulması və digər sahələrdə mühüm addımlar atıb, üzərinə götürdüyü tarixi vəzifəni şərəflə yerinə yetirib.
Sonda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

CÜMHURİYYƏT - 100 2018-09-14 16:58:00