×
A
A
A
Sazlamalar

Qırğızıstanın əsas televiziya kanalında Azərbaycan Xalq Cümhuriyyəti haqqında film nümayiş etdirilib

Bişkek, 12 sentyabr, AZƏRTAC

Ölkəmizin Qırğızıstandakı səfirliyin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi münasibətilə Bişkekdəki İctimai Televiziya və Radio Yayım Korporasiyası (KTRK) tanınmış teleaparıcı Nursultan Jakıpbekovun Azərbaycan haqqında hazırladığı videoçarx yayımlanıb. Həmçinin aparıcının Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovdan "Most drujbı" ("Dostluq körpüsü") proqramı üçün aldığı geniş müsahibə göstərilib. Sonra Bakı Media Mərkəzinin rəhbəri, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolu olan Arzu Əliyevanın baş prodüseri olduğu “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.
Nursultan Jakıpbekov verilişdə ölkəmizin və xalqımızın qədim, zəngin tarixi, mədəniyyəti, milli mənəvi dəyərlərimiz, bugünkü inkişafımız barədə məlumat verib.
Səfir müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Sərəncam imzaladığını diqqətə çatdırıb və 100 il əvvəl müsəlman Şərqində yaranan ilk demokratik parlamentli respublika olan AXC-nin müsəlman dünyasında ilk dünyəvi respublika olduğunu vurğulayıb.
Diplomat qeyd edib ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir. Bu xətt Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyevin və Sooronbay Jeenbekovun siyasətinin prioritet istiqamətlərindəndir.
Səfir Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli münasibətlər, ulu öndər Heydər Əliyevin Qırğızıstana və qırğız xalqına qardaşlıq münasibəti, digər məsələlər haqqında söhbət açıb. Qeyd edib ki, biz kök bir, soy bir millətik, hər yerdə bir-birimizi dəstəkləməliyik.
H.Orucov jurnalistin III Dünya Köçəri Oyunları ilə bağlı sualına cavab olaraq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmiz 2014-cü, 2016-cı illərdə keçirilən birinci və ikinci Dünya Köçəri Oyunlarında fəal iştirak edib və builki yarışlarda da böyük nümayəndə heyəti ilə təmsil olunub.
Böyük şəxsiyyətlərdən danışan səfir bildirib ki, XX əsrin ikinci yarısında türk dünyası bəşəriyyətə dörd böyük şəxsiyyət bəxş edib – siyasətdə Atatürkü və ümummilli lider Heydər Əliyevi, ədəbiyyatda Nazim Hikməti və Çingiz Aytmatovu.
H.Orucov Çingiz Aytmatovla bağlı suala cavabında deyib ki, ulu öndər Heydər Əliyev Çingiz Aytmatovu həm yazıçı, həm də ziyalı və şəxsiyyət kimi yüksək dəyərləndirib. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olaraq nəhəng ölkədə mədəniyyət məsələlərinin kuratoru kimi istedadlı yaradıcı insanları, həmçinin Çingiz Aytmatovu mövcud rejimin haqsız hücumlarından qoruyub. Onun tapşırığı ilə böyük yazıçının anadan olmasının 75 illiyinin Azərbaycanda qeyd olunması üçün hazırlığa başlanılmışdı, lakin 2003-cü il dekabrın 12-də - Çingiz Aytmatovun doğum günündə Ulu Öndər əbədiyyətə qovuşdu. Bununla belə, böyük yazıçının 80 illik yubileyi 2008-ci ildə yüksək səviyyədə keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Çingiz Aytmatov “Dostluq” ordeninin ilk sahibi oldu.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

CÜMHURİYYƏT - 100 2018-09-12 20:04:00