×
A
A
A
Sazlamalar

“ARAB 24” portalı: “Azərbaycan müstəqilliyinin 100 illik yubileyini qeyd edir”

Əbu-Dabi, 9 iyul, AZƏRTAC

Azərbaycanda səfərdə olmuş Birləşmiş Ərəb Əmirliklərinin jurnalisti Sumiya Saadın “ARAB 24” portalında “Azərbaycan müstəqilliyinin 100 illik yubileyini qeyd edir” sərlövhəli məqaləsi yayılıb.
Məqalədə müstəqilliyinin 100 illik yubileyini qeyd edən Azərbaycanda Prezident İlham Əliyevin və xarici ölkələrin rəsmilərinin iştirakı ilə möhtəşəm hərbi paradın keçirildiyi barədə məlumat verilir. Hərbi paradda ölkənin Silahlı Qüvvələrinin bütün növlərinin iştirak etdiyi diqqətə çatdırılır. Paradda Azərbaycan Ordusunun qüdrətinin, dünyanın müxtəlif ölkələrinin, eləcə də Azərbaycan müdafiə sənayesinin istehsalı olan ən müasir silahların nümayiş etdirildiyi bildirilir.
Jurnalist Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu qeyd edir. O vurğulayır ki, 1994-cü ildə iki ölkə arasında atəşkəs haqqında razılaşmanın əldə olunmasına baxmayaraq, sözügedən anlaşma mütəmadi olaraq pozulur, beynəlxalq təşkilatların qəbul edilmiş qətnamələri işğalçı Ermənistan tərəfindən icra olunmur.
Daha sonra ərəb jurnalist Qərb və Şərqin qovuşuğunda yerləşən Azərbaycanın nəhəng karbohidrogen resurslarına malik olduğunu bildirir, ölkənin sənaye və kənd təsərrüfatı potensialı haqqında məlumat verir. Təkrarolunmaz təbiətə, qədim tarixə malik Azərbaycanın dünyanın bütün guşələrindən turistləri cəlb etdiyi vurğulanır. Müstəqilliyini bərpa etmiş Azərbaycanın İslam dəyərlərini inkişaf etdirdiyi, ölkədə çoxlu sayda məscidlərin və dini məbədlərin təmir olunduğu, həmçinin yenilərinin inşa olunduğu diqqətə çatdırılır. Əhalisinin 95 faizinin müsəlman olduğu Azərbaycanda bütün dini və etnik qrupların sülh, anlaşma və harmoniya şəraitində yaşadığı vurğulanır.
Sumiya Saad Qəbələnin cəlbedici təbiəti, qədim tarixi, həmçinin elm mərkəzi olan Naxçıvanın tarixi məbədlərindən də söz açır. Jurnalist Quranın dili olan ərəb dilinin Azərbaycanda geniş tədris olunduğunu, burada bir çox insanın ərəb dilində danışa bildiyini yazır.
Daha sonra məqalədə Azərbaycanın paytaxtı Bakıdan bəhs edilir, buradakı möhtəşəm otellər, kiçik Venesiya, Heydər Əliyev Mərkəzi, İncəsənət, Xalça muzeyləri haqqında məlumat verilir. Ölkəmizdə İslam Həmrəyliyi Oyunları, Avropa Oyunları kimi möhtəşəm tədbirlərin keçirildiyi qeyd edilir.
Məqalənin sonunda gözəl landşafta, qədim sivilizasiyaya, təkrarolunmaz arxitekturaya malik olan və təhlükəsizliyin tam şəkildə təmin edildiyi Azərbaycanın ərəb ölkələrindən olan turistlər üçün son dərəcə sevilən bir məkan olduğu bildirilir.
Məqalə Misirin “Nun” qəzetində də dərc edilib.
Qeyd edək ki, Azərbaycanın müstəqilliyinin 100-cü ildönümü ilə bağlı daha bir məqalə İordaniyanın Petra Dövlət Xəbərlər Agentliyi tərəfindən yayılıb.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi

CÜMHURİYYƏT - 100 2018-07-09 14:04:00