×
A
A
A
Sazlamalar

Parisdəki diplomatlarımız Xalq Cümhuriyyəti üzvlərinin məzarlarını ziyarət ediblər

Paris, 15 iyun, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Sən Klu rayonunun meri Erik Berdoati, diplomatlarımız və Parisdə yaşayan icma üzvlərimiz bu şəhərin yaxınlığındakı Sən Klu qəbiristanlığına gedərək Cümhuriyyətin üzvləri və Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəylinin məzarlarını ziyarət ediblər. Onların xatirələri anılıb və məzarları önünə əklil qoyulub.
Səfir R.Mustafayev Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk dünyəvi respublika olduğunu bildirib, Cümhuriyyət parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransındakı fəaliyyətindən söz açıb. Nümayəndə heyəti üzvlərinin sayəsində Paris Sülh Konfransı tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanındığını bildirən səfir qeyd edib ki, bu gün ölkələrimiz arasındakı əlaqələr yüksək səviyyədədir.
Sən Klu şəhərinin meri Erik Berdoati tarixin, xüsusilə də onun formalaşmasında böyük rol oynayan şəxsiyyətlərin daim xatırlanmasının önəmindən danışıb. O, Paris Sülh Konfransına gələn Azərbaycan nümayəndə heyətinin ölkənin tarixində dərin izlər qoyduğunu bildirib. Mer Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə Parisə rəsmi səfəri çərçivəsində Ə.Topçubaşovun məzarını ziyarət etməsindən də danışıb.
Tədbir iştirakçıları sonra Bobinyi qəbiristanlığında Əkbər Ağa Şeyxülislamın, Mirzə və Nadir Əsədullayevlərin məzarlarını ziyarət edib, önünə əklil qoyublar.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

CÜMHURİYYƏT - 100 2018-06-15 22:46:00