×
A
A
A
Sazlamalar

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Barselonada “Son iclas” filmi nümayiş etdirilib

Barselona, 11 iyun, AZƏRTAC

“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin təşkilatçılığı ilə Barselonada Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixinə həsr edilmiş “Son iclas” bədii-sənədli filmi nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin sədri Kərim Kərimov 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, mövcud olduğu qısa müddət ərzində fəaliyyətindən danışıb.
“Son iclas” filminin nümayişindən sonra iştirakçılar çay süfrəsinə dəvət olunublar.
Qeyd edək ki, Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” bədii-sənədli filmi Bakı Media Mərkəzi tərəfindən Azərbaycanın bu şanlı tarixinə töhfə vermək üçün ərsəyə gətirilib. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.
Filmdə Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb. Filmin ssenarisi bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ekran əsərində cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizə əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır.
Xatırladaq ki, “Son iclas” filmi Heydər Əliyev Fondunun dəstəyi və BP-Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Barselona

CÜMHURİYYƏT - 100 2018-06-11 17:35:00