×
A
A
A
Sazlamalar

“The Japan Times”: Müsəlman dünyasında ilk demokratiyanın 100 illiyi qeyd olunur

Tokio, 4 iyun, AZƏRTAC
Ölkəmizin Yaponiyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “The Japan Times” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, qəzetdə səfir Gürsel İsmayılzadənin “Müsəlman dünyasında ilk demokratiyanın 100 illiyi qeyd olunur” adlı məqaləsi və Bakı şəhərinə aid fotolar yerləşdirilib.
Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 1918-1920-ci illərdə müsəlman dünyasında parlament respublikası modeli əsasında qurulmuş çoxpartiyalı ilk demokratik dövlət olduğu, 2018-ci ildə AXC-nin 100 illiyinin qeyd edildiyi xüsusi vurğulanıb. Qeyd edilib ki, AXC müsəlman dünyasında qadınlara səsvermə hüququ vermiş ilk dünyəvi müsəlman dövlət olub. Məqalədə G.İsmayılzadə bildirib ki, 1918-ci il mayın 28-də AXC-nin yaranması Azərbaycan xalqının böyük nailiyyətidir, o zaman ölkəmizin qısa müddət ərzində müstəqil olmasına baxmayaraq, Azərbaycan dili rəsmi dövlət dili kimi təsdiq edilib, Azərbaycanın bayrağı və digər dövlət atributları qəbul olunub, Silahlı Qüvvələr yaradılıb. Həmçinin Azərbaycan özünü dünyada tanıtmaq üçün fəal xarici siyasət aparıb.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti haqqında söylədiyi fikirlər də yer alıb.
Sonra 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsindən, o dövrdə qarşılaşdığı problemlərdən bəhs olunub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanın dövlətçiliyin inkişafı yolunda inamla addımladığı, ölkədə davamlı siyasi-iqtisadi islahatların həyata keçirildiyi vurğulanıb. Dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı böyük uğurlar barədə ətraflı məlumat verilib, o cümlədən iqtisadiyyat, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən və gələcəkdə nəzərdə tutulan müxtəlif layihələr barədə söhbət açılıb.
Məqalədə Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər, idman yarışları, mədəni proqramlar haqqında da məlumat verilib.
Həmçinin Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinə toxunulub, ötən il iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin keçirildiyi qeyd edilib. Ölkələrimiz arasında münasibətlərdən, iqtisadi, o cümlədən enerji və qeyri-neft sektoru sahələrində əməkdaşlıqdan bəhs edilib. Məqalədə son illərdə Azərbaycan ilə Yaponiya arasında regionlararası əməkdaşlığın genişləndiyi və bunun ikitərəfli münasibətlərin inkişafına öz töhfələrini verdiyi qeyd edilib, Azərbaycanın yapon turistlər üçün cəlbedici məkana çevrildiyi vurğulanıb.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

CÜMHURİYYƏT - 100 2018-06-04 12:37:00