×
A
A
A
Sazlamalar

Tarixinə sahib çıxan xalq məğlubedilməzdir

Şəmkir, 2 iyun, Famil Quliyev, AZƏRTAC

Şəmkirdəki Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Konfransda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Milli Məclisin deputatı Sona Əliyeva, Türkiyənin Gəncə şəhərindəki baş konsulu Orhan İşık, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, YAP Şəmkir, Göygöl, Samux, Gədəbəy təşkilatlarının sədrləri, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin Şəmkir rayonunda səfərdə olan üzvləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, Tarix İnstitutunun alimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzin foyesindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.
Sonra Heydər Əliyev Mərkəzinin foyesində AMEA-nın Tarix İnstitutunun araşdırmalarından ibarət kitab sərgisi açılıb. Tədbir iştirakçıları sərgidə tariximizi əks etdirən fotolar və kitablarla tanış olublar. Tarix İnstitutu həmin kitabları Şəmkir Rayon İcra Hakimiyyətinə hədiyyə edib.
Konfransı açan rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi.
Sonra Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov məruzə ilə çıxış edib. Akademik 100 il əvvəl, 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğunu, “İstiqlal bəyannaməsi”nin qəbul edildiyini, bəyannamədə Azərbaycanın tamhüquqlu və müstəqil dövlət olmasının, ali hakimiyyətin Azərbaycan xalqına məxsusluğunun, bütün vətəndaşlara heç bir ayrı-seçkilik olmadan vətəndaşlıq və siyasi hüquqların verildiyini, beynəlxalq birliyin üzvləri, həmsərhəd dövlətlərlə dostluq əlaqəsinin təsbit olunduğunu bildirib.
“Tarixinə sahib çıxan xalq məğlubedilməzdir”, - deyən Yaqub Mahmudov müstəqilliyimizin yenidən bərpasında və qorunub saxlanılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

CÜMHURİYYƏT - 100 2018-06-02 17:10:00