×
A
A
A
Sazlamalar

Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib VİDEO

Paris, 31 may, AZƏRTAC

Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə müsəlman Şərqində ilk parlamentli respublika və dövlətçilik tariximizin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənəli şəkildə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Avropanın mütərəqqi demokratik dəyərlərinin Şərqin zəngin mədəni irsi ilə birləşdirən AXC-nin 100 illik yubileyində Fransanın elm və mədəniyyət xadimləri, eləcə də bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Tədbir çərçivəsində Əməkdar Rəssam, mərhum Adil Rüstəmovun əsərlərindən ibarət sərgi təşkil edilib.
Rəssamın zəngin daxili aləmini, həssas qəlbini əks etdirən əsərləri ziyarətçilərin diqqətini cəlb edib. Reallıqlar və görkəmli şəxsiyyətlərin obrazlarını rənglərin dili ilə canlandırmaq rəssamın yaradıcılığında özünəməxsus yer tutur. Onun müxtəlif janrlarda çəkdiyi əsərlər sənətşünaslar tərəfindən yüksək qiymətləndirilib. Ömrünün son illərini Fransada yaşayan rəssamın bu ölkədə təşkil olunan fərdi sərgiləri daim sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, bu il 75 yaşını qeyd etməyə hazırlaşan rəssam Ruanda vəfat edib.
Rəssamın qızı İlahə Rüstəmova AZƏRTAC-a müsahibəsində onun üçün ikiqat bayram olduğunu bildirib: “Fransada yaşayan Azərbaycan icması bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etməyə toplaşıb. Əminik ki, müstəqilliyimiz əbədi olacaq. Bu gün mənim üçün ikiqat bayramdır. AXC-nin yubileyi çərçivəsində atam Adil Rüstəmovun sərgisinin açılışı olub. Ancaq təəssüf ki, o, bu günü görə bilmədi”.
Qeyd edib ki, sərgidə rəssamın müxtəlif dövrlərdə çəkdiyi əsərləri nümayiş olunur. Bu əsərlər arasında Azərbaycanda və Fransada yaşadığı son 8 il ərzində çəkdiyi tablolar var. Atasının Normandiyaya aid silsilə əsərlər yaratdığını və bir neçə sərgisinin təşkil olunduğunu bildirib. “Fransada onun əsərləri çox sevilir. Əsərlərində böyük fəlsəfə olduğundan onu poetik ruhlu rəssam hesab edirlər”, - deyə rəssamın qızı vurğulayıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

CÜMHURİYYƏT - 100 2018-05-31 07:48:00

Video