×
A
A
A
Sazlamalar

Polşanın bir sıra şəhərlərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

Bakı, 30 may, AZƏRTAC

Polşanın Torun, Poznan, Vrotslav, Dabrova Qorniça şəhərlərində və Vola Kielpinska qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi mövzusunda tədbirlər keçirilib.
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Azərbaycanla bağlı sərgilər təşkil edilib, Poznan şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Əlimərdan bəy Topçubaşov və Polşa Respublikasının Baş naziri İqnatsi Yan Paderevskiyə həsr edilmiş xatirə lövhəsinin önünə gül çələngi qoyulub. Podarevski adına Musiqi Akademiyasının rektoru Halina Sorkovska tədbirdə çıxış edib.
Torun şəhərində keçirilmiş tədbirdə şəhərin meri Mitçal Zaleski çıxış edib. Tədbirdə Əli və Nino bədii filmi nümayiş etdirilib.
Vrotslavda keçirilmiş tədbirdə Vrotslav Universitetinin rektoru Adam Ezerskinin və azərbaycanlı tələbə Fərhad Həmidovun çıxışları dinlənilib. Həmçinin Gülşən Bayramlının, Fidan Abdullayevanın canlı, italiyalı və yunanıstanlı tələbələrin musiqi alətlərində Azərbaycan musiqilərini ifaları böyük maraqla qarşılanıb.
Dabrova Qorniça Ali Biznes Məktəbində keçirilmiş tədbirdə əvvəlcə təhsil ocağının rektoru Zdislava Dacko- Pikievicz çıxış edib və keniyalı tələbə Salamon Kunli saksofonda Azərbaycan himnini ifa edib.
Daha sonra azərbaycanlı tələbələr - Tofiq Sadıqov, Aygün Allahverdiyeva, Ümid Vəlizadə, Tural Əkbərzadə və Rəşad Süleymanovun çıxışları dinlənilib.
Vola Kielpinska qəsəbəsində yerləşən məktəbdə keçirilən tədbirdə əvvəlcə məktəbin direktoru Malqojata Kolonun çıxışı dinlənilib. Sonra şagirdlər Azərbaycan haqqında təqdimat ediblər, həmçinin ölkəmiz haqqında inşa müsabiqəsi keçirilib, qaliblərə məktəb və səfirlik tərəfindən hədiyyələr verilib.
Tədbirlərdə çıxış edən səfir Həsən Həsənov 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, mövcud olduğu qısa dövr ərzində respublikamızın müstəqilliyinin Paris Sülh Konfransında, o cümlədən dünyanın bir çox ölkələri, həmçinin Polşa tərəfindən tanındığını bildirib.
Diplomat Azərbaycan-Polşa əlaqələrinin çox əsrlik tarixindən söz açaraq bir çox polyakın 100 il bundan əvvəl yaradılmış respublikamızın müstəqilliyi uğrunda vuruşduğunu qeyd edib. Səfir iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin dövlət başçılarımız arasında olan səmimi dostluq münasibətləri və qarşılıqlı etimad üzərində qurulduğunu bildirib.
Tədbirlər geniş bədii proqramla davam etdirilib.
Eyni zamanda, iyunun 17-də səfirliyin və Varşava Kral Qəsrinin birgə təşkilatçılığı ilə Varşava Kral Qəsrində Azərbaycan müstəqilliyinin 100 illiyinə həsr edilmiş təntənəli tədbir keçiriləcək. Tədbirdə Azərbaycan musiqiçiləri pianoçu Murad Hüseynov, violonçelist Aleksey Miltıx və tarzən Sahib Paşazadə çıxış edəcək.
Konsert tədbirindən sonra rəsmi ziyafət veriləcək.

CÜMHURİYYƏT - 100 2018-05-30 21:58:00