×
A
A
A
Sazlamalar

Küveytin “Əl-Cəridə” qəzetində Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məqalə dərc olunub

Bakı, 30 may, AZƏRTAC

Küveytin gündəlik ərəb dilində nəşr edilən “Əl-Cəridə” qəzetində “Azərbaycan səfirliyi: Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən iqtisadi və mədəni intibaha nail oldu” başlıqlı məqalə dərc olunub.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə 100 il bundan əvvəl 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı, AXC-nin Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olduğu vurğulanır. Həmçinin yazıda ölkənin tarixində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin, həm də bütün Şərqdə, о cümlədən türk-İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olduğu bildirilir. Azərbaycan Xalq Cümhuriyyətinin Fransa, Amerika Birləşmiş Ştatları və bir sıra digər ölkələr tərəfindən tanındığı vurğulanır.
Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində böyük işlər gördüyü, bir çox ölkələrdən əvvəl qadınlara seçki hüququ verdiyi bildirilir. Qeyd edilir ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, öz dövlət atributlarını qəbul edib, hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrinin inkişafı istiqamətində bir sıra mühüm addımlar atıb.
Məqalədə bu gün Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında yeni iqtisadi və mədəni intibah dövrünü yaşadığı diqqətə çatdırılır, Azərbaycan iqtisadiyyatının yüksələn templə inkişaf etdiyi, ölkəmizin qısa müddət ərzində bütün sahələrdə böyük nailiyyətlər əldə etdiyi oxucuların diqqətinə çatdırılıb.

CÜMHURİYYƏT - 100 2018-05-30 20:56:00