×
A
A
A
Sazlamalar

Kubada Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi qeyd edilib VİDEO

Vaşinqton, 30 may. AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibəti ilə ölkəmizin Kubadakı səfirliyi tərəfindən Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzində bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Kubanın əmək və sosial müdafiə naziri Marqarita Qonsales Fernandes, xarici işlər nazirinin müavini Roxelio Sierra Dias, Kubanın müxtəlif dövlət və hökumət qurumlarının rəsmiləri və bu ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.
Əvvəlcə Kubanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov tədbirdə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və mövcud olduğu qısa müddət ərzində ən aparıcı demokratik prinsiplər əsasında əldə etdiyi tarixi nailiyyətlərdən bəhs edib. Şərqdə ilk dəfə olaraq Azərbaycanda demokratik respublikanın yaradılmasının ölkəmizin dövlətçilik tarixinin ən qürurlu səhifələrindən biri olduğunu bildirib.
Azərbaycan diplomatı ölkəmizin 1991-ci ildə yenidən müstəqilliyini bərpa etdiyini, dünya birliyinin tam və bərabər hüquqlu üzvü olduğunu və əsrin əvvəllərində sahib olduğu demokratik dəyərlərə hazırda da sadiq qaldığını diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın müasir dövrdə əldə etdiyi uğurlar yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz tarixi fəaliyyəti və fövqəladə xidmətləri sayəsində mümkün olub. Azərbaycan suverenliyini qoruyub saxlayıb və gələcək inkişafı təmin edilib.
Diqqətinə çatdırılıb ki, müasir Azərbaycan bütün sahələrdə davamlı inkişafa Ermənistan tərəfindən təcavüzə məruz qaldığı olduqca ağır şəraitdə nail olub.
Diplomat Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətinin nəticələrindən bəhs edib, ölkəmizin iyirmi faiz beynəlxalq miqyasda tanınmış ərazilərinin indiyədək işğal altında saxlandığını və bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirilib. Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar və beynəlxalq hüquqi sənədlər haqda məlumat verilib, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamənin indiyədək yerinə yetirilmədiyi təəssüflə vurğulanıb.
C.Salehov ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsinin Azərbaycan üçün ən mühüm məsələ olduğunu bildirib. Bu xüsusda, beynəlxalq hüququn prinsiplərinin dünya ictimaiyyəti tərəfindən birmənalı dəstəklənməsinin regionda davamlı sülhün bərqərar olması üçün vacib əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
O qeyd edib ki, Azərbaycan qarşılaşdığı təcavüzün ağır nəticələrinə baxmayaraq, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyası hazırda da Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Beynəlxalq aləmdə mövqelərini daha da möhkəmlədən Azərbaycan regionun siyasi-iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən ölkəsinə çevrilib.
Azərbaycanın beynəlxalq əməkdaşlıq və dostluq əlaqələrində Kubanın xüsusi yeri olduğu bildirilib və ölkəmizin Latın Amerikası və Karib hövzəsi regionunda ilk diplomatik ofisinin məhz Kubada fəaliyyətə başlaması da bunun bariz nümunəsidir.
Tədbirdə çıxış etmiş Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzinin birinci vitse-prezidenti Elio Qamez Neyra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təmsil etdiyi təşkilat adından Azərbaycan səfirliyinə təbriklərini çatdırıb.
Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin məzunu olmuş Elio Qamez, səmimi, alicənab və mehriban Azərbaycan xalqının dostluq əlaqələrinə daim sadiq qaldığını və minlərlə kubalı gənclərin XX əsrin ikinci yarısında Azərbaycanda təhsil alması və peşəkar mütəxəssislərin hazırlanması üçün təmənnasız olaraq göstərilmiş dəstəyin Kuba tərəfindən hər zaman minnətdarlıqla xatırlandığını söyləyib.
Elio Qamez, həmçinin Kubaya qarşı tətbiq edilən iqtisadi, ticarət və maliyyə blokadasının aradan qaldırılması istiqamətində BMT çərçivəsində Azərbaycan tərəfindən daim birmənalı şəkildə göstərilmiş mühüm dəstəyin Kuba hökuməti tərəfindən heç vaxt unudulmayacağını diqqətə çatdırıb. Elio Qamez 2012-ci ildə Bakıya səfərini xatırlayaraq, xalqlarımız arasında dostluq əlaqələrinin daha da inkişaf etdiyini və Azərbaycanda Kuba xalqına və Kuba inqilabının tarixi lideri Fidel Kastroya bəslənən xüsusi münasibətin şahidi olduğunu bildirib.
Kuba hökumətinin rəsmisi, həmçinin ölkələrimiz arasında dostluq əlaqələrinin ildən-ilə daha da möhkəmlənəcəyinə və ikitərəfli münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Daha sonra bayram tədbiri Manuel Samuel adına Havana Musiqi Məktəbinin gənc skripkaçılarının çıxışından ibarət konsert proqramı ilə davam edib. Qonaqlar, həmçinin Azərbaycana həsr edilmiş sərgi salonunu ziyarət ediblər. Tədbir zamanı Azərbaycan bəstəkarlarının klassik əsərləri və xalq mahnıları səsləndirilib və xalqımızın milli mətbəxinin təamları qonaqlara təqdim edilib.
Tədbir Kubanın kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

CÜMHURİYYƏT - 100 2018-05-30 19:40:00

Video