×
A
A
A
Sazlamalar

Dövlət Neft Fondunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib

Bakı, 30 may, AZƏRTAC

Mayın 30-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən tədbir keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, tədbirdə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun “Qafqaz tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru İradə Bağırova iştirak edib. Əvvəlcə fondun əməkdaşları ARDNF-in inzibati binasında yerləşən ulu öndər Heydər Əliyevin heykəli önünə əklil və güllər qoyub, onun xatirəsini dərin ehtiramla yad ediblər.
ARDNF-in icraçı direktoru Şahmar Mövsümov Azərbaycan Xalq Cümhuriyyətinin bütün müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlət olmasını qeyd edib, Xalq Cümhuriyyətinin müasir Azərbaycanın dövlətçilik və ictimai-siyasi tarixində rolu barədə tədbir iştirakçılarına məlumat verib.
“XX əsrdə ikinci dəfə müstəqilliyini elan etdikdən sonra Azərbaycan dövləti özünü Cümhuriyyət ideyalarının davamçısı və onun sələfi elan etdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edilən üçrəngli bayraq sonralar müstəqil Azərbaycanın dövlət bayrağı kimi təsdiqləndi. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması bir daha ölkə rəhbərinin tariximizə, keçmişimizə və dövlətçilik prinsiplərinə yüksək sadiqliyinin göstəriciləridir”, - deyə icraçı direktor qeyd edib.
Daha sonra tədbirdə çıxış edən İradə Bağırova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi, həmin dövrdə mövcud vəziyyət, “İstiqlal Bəyannaməsi”nin qəbul edilməsi və Cümhuriyyətin süqutu ilə bağlı maraqlı mühazirə ilə çıxış edib. Mühazirənin sonunda İ.Bağırova tədbir iştirakçılarının suallarını cavablandırıb.
Sonda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın prodüserliyi ilə çəkilən və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filmi nümayiş olunub.

CÜMHURİYYƏT - 100 2018-05-30 17:58:00