×
A
A
A
Sazlamalar

Kişineuda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib

Kişineu, 30 may, AZƏRTAC

Azərbaycanın Moldovadakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş ziyafət təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Moldovanın dövlət rəsmiləri, o cümlədən ölkənin hakim partiyasının sədri Vlad Plahotnyuk, bir sıra dövlət nazirləri, parlamentin birinci vitse-spikeri və deputatları, bu ölkədə akkreditə olunmuş səfirlik və baş konsulluqların, eləcə də beynəlxalq təşkilatların rəhbərləri və əməkdaşları, tanınmış ictimai-siyasi xadimlər, yerli KİV nümayəndələri, Moldova Azərbaycanlıları Konqresinin üzvləri, ölkənin biznes və ticarət sahəsində qabaqcıl iş adamları və digər qonaqlar iştirak ediblər.
Rəsmi mərasim başlamamışdan əvvəl tədbir iştirakçıları foyedə “İRS” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş buraxılışı və ümummilli lider Heydər Əliyevin Azərbaycan, ingilis və rus dillərində nəşr edilən “Deyilən söz yadigardır” aforizmlər kitabı ilə tanış olublar.
Azərbaycanın və Moldovanın dövlət himnləri səsləndiriləndən sonra Azərbaycanın 100 illik tarixini özündə əks etdirən fotosərgi, ölkəmizin qədim tarixi-mədəni abidələrini, əsrarəngiz təbiətini, xalqımızın adət-ənənələrini, həmçinin respublikamızın müxtəlif sahələrdə əldə etdiyi uğurları əks etdirən sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib ki, 100 il bundan əvvəl - 1918-ci il mayın 28-də ilk dəfə olaraq Şərqdə dünyəvi dəyərlərə söykənən demokratik və müstəqil Azərbaycan Respublikası yaradılıb. Yeni yaradılmış respublika qısa müddət ərzində böyük nailiyyətlər əldə edib, həmin dövrdə müstəqil dövlətin əsasları, ölkəmizin 70 il sonra yenidən müstəqillik əldə etməsi üçün təməl qoyulub.
Səfir 1993-cü ildə dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə müstəqil və inkişaf edən Azərbaycanın tarixində yeni səhifənin açıldığını söyləyib. Diplomat “Əsrin müqaviləsi”ndən, eləcə də enerji və nəqliyyat sahəsində reallaşdırılan uğurlu layihələrdən söhbət açıb. Bundan əlavə, o, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasından, hər sahədə müşahidə olan inkişafdan danışıb.
Azərbaycan ilə Moldova arasında dostluq münasibətlərinə toxunan səfir bu əlaqələrin qarışlıqlı maraq və əməkdaşlıq əsasında qurulduğunu qeyd edib, iki ölkənin oxşar sevinc və problemlərindən söz açıb. O, Moldovanın Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüququn prinsip və normalarından irəli gələrək Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini, bu dəstəyin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini və Moldovanın da oxşar problemində Azərbaycanın daim onun yanında olacağını qeyd edib.
Daha sonra Moldovanın iqtisadiyyat və infrastruktur naziri, Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının Moldova tərəfdən sədri Kirill Qaburiç çıxış edərək dövlətlərimiz arasında mövcud olan sıx və mehriban münasibətlərə toxunub. Nazir bu əlaqələrin istər regional səviyyədə, istərsə də beynəlxalq təşkilatlar səviyyəsində arzuolunan müstəvidə inkişafından məmnunluğunu ifa edib. Həmçinin nazir 4 il Azərbaycanda işlədiyini və bunun onda xoş təəssürat yaratdığını bildirib.
Mərasimdə Moldovada yaşayan həmyerlimiz, opera ifaçısı Gülnarə Ralyanu və tanınmış musiqiçi Konstantin Moskoviçin Azərbaycanın görkəmli bəstəkarları Tofiq Quliyevin “Sən gəlməz oldun”, Ələkbər Tağıyevin “Sənə də qalmaz” əsərlərini, eləcə də digər milli və xarici musiqiçilərin əsərlərini səsləndirilmələri, həmçinin Moldovanın milli rəqs qrupunun Azərbaycan milli mahnılarını məharətlə ifa etmələri iştirakçıların zövqünü oxşayıb.
Tədbir Moldovanın yerli KİV-lərində geniş işıqlandırılıb.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

CÜMHURİYYƏT - 100 2018-05-30 16:06:00