×
A
A
A
Sazlamalar

Yanvar-aprel aylarında əsas kapitala yönəldilmiş vəsaitin 54,8 faizi qeyri-neft sektoruna sərf edilib

Bakı, 19 may, AZƏRTAC 

Cari ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 4160,1 milyon manat vəsaitin 2281,6 milyon manatı və ya 54,8 faizi qeyri-neft sektoruna sərf edilib. Bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi sərmayənin 73,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
İstifadə olunmuş vəsaitin 73,6 faizi məhsul istehsalı obyektlərinin, 20,7 faizi xidmət sahələri üzrə obyektlərin, 5,7 faizi isə ümumi sahəsi 518,9 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 52,4 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,6 faiz, bank kreditləri 15,9 faiz, büdcə vəsaitləri 22,2 faiz, əhalinin şəxsi vəsaitləri 5,4 faiz, büdcədənkənar fondların vəsaitləri 0,5 faiz, sair vəsaitlər isə 0,4 faizdir.

Tikinti̇ 2018-05-19 01:10:00