×
A
A
A
Sazlamalar

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Küveytdə rəsmi qəbul təşkil edilib

Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyi münasibətilə Küveytdə rəsmi qəbul keçirilib. Bu barədə AZƏRTAC-a ölkəmizin Küveytdəki səfirliyindən məlumat verilib.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchesta” gənclər kamera orkestrinin ifasında hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Sonra səfir Elxan Qəhrəman çıxış edərək 100 il bundan əvvəl 28 may tarixində müsəlman Şərqində yaradılmış ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən və Cümhuriyyət rəhbərlərinin xidmətlərindən söhbət açıb. O, AXC-nin yaradılmasının Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olduğunu, həmin tarixin hər il Respublika Günü kimi təntənə ilə qeyd edildiyini, Azərbaycan tarixində ilk parlament respublikası olan Xalq Cümhuriyyətinin həm də bütün Şərqdə, о cümlədən türk-İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olduğunu diqqətə çatdırıb. Səfir AXC-nin cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan xalqının müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadir olduğunu sübut etdiyini bildirib.
Diplomat Azərbaycanın 1991-ci ildə yenidən müstəqillik əldə etməsindən sonra qazanılmış uğurlar, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri və onun yaratdığı məktəbin etibarlı davamçısı olan Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, ölkə rəhbərliyi tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar haqqında məlumat verib. O, həmçinin son illərdə ölkəmizdə keçirilən beynəlxalq konfranslar, idman yarışları, respublikamızda gedən siyasi, iqtisadi, mədəni, turizm sahələrindəki sürətli inkişaf, ölkəmizin taleyüklü problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıb, Küveytin münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulayıb.
Səfir Azərbaycan-Küveyt əlaqələrinin inkişafından da bəhs edib.
Tədbirdə Küveyt tərəfindən rəsmi qonaq qismində iştirak etmiş parlament məsələləri üzrə dövlət naziri Adel Musaed Əl-Xarafi KİV-lərə müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Küveyt Dövlətinin Baş naziri və bütün hökumət üzvlərinin adından ölkəmizi təbrik edib, Azərbaycana daim sülh və əmin-amanlıq arzulayıb. O, Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə sahib olduğunu, son illərdə Azərbaycan ilə Küveyt arasında bir çox sahələrdə, xüsusən də turizm sahəsində əməkdaşlığın genişləndiyini, iki ölkə arasında birbaşa aviareyslərin həyata keçirilməsinə başlandıqdan sonra Küveytdən Azərbaycana gələn turistlərin sayının artdığını bildirib.
Həmçinin tədbir çərçivəsində Beynəlxalq Sənaye, Mənəvi və Mədəni Tərəqqi naminə Təşkilat (OISCA-International) tərəfindən ərəb dilində hazırlanmış, Azərbaycanın turizm və idman ölkəsi kimi böyük potensialını əks etdirən “Azərbaycanı kəşf et” adlı videoçarxın təqdimat mərasimi keçirilib.
Tədbirin keçirildiyi zalda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, dövlət quruculuğu, dövlət rəmzləri, həmçinin foto və videomateriallar, eləcə də respublikamızın mədəniyyətini, turizm imkanlarını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini və s. özündə əks etdirən kitab, buklet, broşürlər nümayiş etdirilib, Azərbaycanın ən məşhur yerlərini, təbiətini və gözəlliyini əks etdirən fotostendlər quraşdırılıb, ölkəmizin tarixi, mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, səfalı turizm guşələri barədə sənədli film göstərilib. “Baku Chamber Orchesta” gənclər kamera orkestri tərəfindən Qara Qarayevin, Fikrət Əmirovun, Tofiq Quliyevin, habelə tanınmış Qərb bəstəkarlarının musiqi əsərləri ifa olunub.

CÜMHURİYYƏT - 100 2018-05-18 20:52:00