×
A
A
A
Sazlamalar

Xalq Artisti Fidan Hacıyeva Tbilisidə konsert proqramı ilə çıxış edib

Tbilisi, 11 may, AZƏRTAC 

Azərbaycanın Xalq Artisti, Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva mayın 11-də Tbilisidə Şota Rustaveli adına Dövlət Dram Teatrında konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb. Konsert proqramı ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunub.
Fidan Hacıyeva konserti dahi Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı ilə açıb. Sonra Xalq Artisti “Sənsiz”, “Mən sizi sevirəm”, “Bu gün ayın üçüdür”, “Azərbaycan” və digər xalq, bəstəkar mahnıları və romansları səsləndirib. Onu fortepianoda beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə müşayiət edib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək tamaşaçılar adından Xalq Artistinə gözəl, ecazkar ifalarına görə minnətdarlıq edib.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonra Xalq Artisti Fidan Hacıyeva təəssüratlarını jurnalistlərlə bölüşüb. O deyib: “Azərbaycan Xalq Cümhuriyyəti-100” adı altında layihə hazırlamışıq. İlk konsertim mayın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında olub. Bu gün isə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Tbilisidə çıxış etdim. Özümü çox xoşbəxt hiss edirəm”.
Xalq Artisti bildirib ki, növbəti konsertləri mayın 16-da Londonda, mayın 23-də isə İsveçrədə keçiriləcək.
Tbilisidəki 64 saylı tam orta məktəbin müəlliməsi Ceyran Qurbanova isə deyib: “Azərbaycan müğənnilərinin ifasında çoxlu ifalar dinləmişəm. Bugünkü konsert xüsusilə fərqlənirdi. Fidan Hacıyevanın ecazkar ifasında mahnılar, romanslar mükəmməl səslənirdi. Onun ifasını dinlədikcə Azərbaycana, musiqiyə məhəbbətim daha da artırdı. Çox şadam ki, Ulu Öndərin yubileyi münasibətilə Tbilisidə bu cür möhtəşəm konsert oldu”.
Gürcüstan xarici işlər nazirinin müavini David Dondua da konsertdən xüsusi həzz aldığını bildirib. Diplomat deyib: “Mədəniyyət, musiqi, incəsənət xalqlarımız arasındakı əlaqələrin inkişafında mühüm rol oynayır. Bu gün bizim üçün ikiqat sevincdir. Tbilisidə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 95 illik yubileyini qeyd edirik. Bu yubiley ilə əlaqədar Azərbaycanın Xalq Artisti bizim üçün konsert proqramı təqdim edir. Çox ecazkar musiqi parçaları dinlədik. İstərdik ki, bu cür konsertlər tez-tez təşkil olunsun”.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Musiqi 2018-05-11 23:32:00