×
A
A
A
Sazlamalar

Valideyn himayəsindən məhrum olan tələbələrə ikiqat təqaüd verilir

Bakı, 23 aprel, AZƏRTAC 

“Təhsil haqqında” Qanununa əsasən, 18 yaşına qədər valideyn himayəsindən məhrum olan uşaqlar 23 yaşa kimi bir çox imtiyazlardan yararlana bilirlər.
Azərbaycan Tibb Universiteti (ATU) 18 yaşından sonra valideyn himayəsindən məhrum olan tələbələri dəstəkləyir. Belə ki, universitetinin rektoru Gəray Gəraybəylinin təşəbbüsü ilə Elmi Şurada bu məsələ müzakirə olunub və müvafiq əmrə əsasən 18 yaşından sonra valideyn himayəsindən məhrum olmuş tələbələrə təhsil aldıqları müddət ərzində (23 yaşadək) orta müvəffəqiyyət göstəricisinə əsasən təyin olunmuş təqaüdün iki mislinin verilməsi qərara alınıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu addımın atılmasında əsas məqsəd tələbələrin sosial müdafiəsini gücləndirmək, onların tədris fəaliyyətinə dəstək vermək, təhsildə nailiyyət qazanmasını stimullaşdırmaqdan ibarətdir. 18 yaşından sonra valideyn dəstəyindən məhrum olan tələbələrə Təqaüd Fondu hesabına əlavə yardım olunur. Bu qərar artıq 2017-2018-ci tədris ilinin yaz semestrindən qüvvədədir.
Qeyd edək ki, ATU-da 2017-ci ilin dekabrında Təqaüd Fondu yaradılıb. Elə həmin vaxt universitetin Elmi Şurasının iclasında valideyn dəstəyindən məhrum olan tələbələrə təqaüd ayılması qərara alınıb. Artıq ATU-nun onlarla tələbəsi bu imkandan yararlanıb.

Səhiyyə 2018-04-23 18:20:00