×
A
A
A
Sazlamalar

COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır

Bakı, 25 avqust, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) hələ də bəşəriyyət üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Son günlər bu sahədəki statistika xüsusilə narahatlıq doğurur. Əksər ölkələrdə virusa yoluxma sayı sürətlə artır. Artıq bəzi ölkələrdə koronavirusun “omikron” ştamının yeni variantları sürətlə yayılmağa başlayıb. Virusun yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı həyəcan təbili çalıb.
AZƏRTAC xəbər verir ki, həkim-infeksionist Vasif Əliyev bununla əlaqədar olaraq deyib: “Koronavirusun EQ.5 mutasiyası daha sürətlə yayılma qabiliyyətinə malikdir. Amerikada, Avropa ölkələrində və qonşu ölkələrdə həmin virus aşkar edilib. Ona görə də virusun ölkəmizdə də yayılma ehtimalı istisna edilmir. Yay mövsümü olduğuna görə insanlar başqa ölkələrə səfər edirlər və həmin ölkələrdə xəstəliyə yoluxub virusu Azərbaycana da gətirə bilərlər. Həmin virusun ölkəmizdə də yayılıb-yayılmadığını dəqiqləşdirmək üçün mütləq diaqnostik test aparılmalıdır”.
Onun dediyinə görə, virusdan qorunmaq ilk növbədə hər kəsin öz əlindədir: “İstər gigiyenik qaydalara, istər sosial məsafənin gözlənilməsinə, istərsə də tibbi maska taxaraq onun başqalarına ötürülməsinin qarşısını almaq kimi zəruri addımlar atılmalıdır”.
Həkim-infeksionist onu da qeyd edib ki, virusa yoluxma sayı artsa da, xəstəlik öldürücü qabiliyyətə malik deyil. Ona görə də sadə gigiyenik qaydalara əməl edərək sağlamlığı sığortalamaq lazımdır.

Səhiyyə 2023-08-25 15:31:00