×
A
A
A
Sazlamalar

Azərbaycan Dezinfeksiya, Antiseptika və Sterilizasiya Assosiasiyası “AZDAS-2018” konfransı keçirilib

Bakı, 21 fevral, Əziz Məmmədov, AZƏRTAC

Bakı Biznes Mərkəzində “AZDAS-2018” konfransı keçirilib. Tədbir Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Dezinfeksiya, Antiseptika və Sterilizasiya Assosiasiyası (AZDAS) tərəfindən təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə bu sahənin alim və mütəxəssisləri, epidemioloqlar, infeksionistlər, respublikanın aparıcı müalicə müəssisələrinin rəhbərləri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səslənib.
Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiyası kafedrasının müdiri, tibb elmləri doktoru, professor İbadulla Ağayev, AZDAS Assosiasiyasının idarə heyətinin üzvü, Mərkəzi Klinik Xəstəxananın (MKX) həkim-epidemioloqu, MKX-nin dezinfeksiya nəzarəti komitəsinin sədri, tibb üzrə fəlsəfə doktoru Yaqut Qarayeva tədbirdə çıxış ediblər.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması prosesi, yeni xəstəxanalar tikintisi, mövcud tibb müəssisələrinin yenidən qurulması geniş vüsət alıb. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün səhiyyənin ayrı-ayrı sahələrində dövlət proqramlarının rolu vurğulanıb. Son dövrlərdə səhiyyə sisteminin idarə edilməsinin təkmilləşdirilməsi, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsi, yeni tibb texnologiyaların tətbiqi, əsaslı kadr islahatları geniş vüsət alıb.
Azərbaycan Dezinfeksiya, Antiseptika və Sterilizasiya Assosiasiyasının yaradılmasının məqsədləri barədə məlumat veriblər. Vurğulanıb ki, AZDAS Assosiasiyasının yaradılmasının əsas məqsədi xəstəxanalarda sanitar-gigiyena rejiminə riayət olunmasına nəzarəti təmin etməkdir.
Qeyd edilib ki, xəstəxanadaxili infeksiyalara qarşı mübarizə sahəsində qazanılmış uğurlara baxmayaraq, dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycan Respublikasında da xəstəxana sterilizasiyası sahəsində vəziyyət səhiyyənin aktual problemlərindən biri kimi qalır. Vurğulanıb ki, xəstəxanadaxili infeksiyalara qarşı mübarizə sahəsində profilaktik və epidemiya əleyhinə tədbirlər dünya praktikasında bu sahədə qəbul edilmiş sanitar qaydalara və normativlərə müvafiq şəkildə həyata keçirilir. Diqqətə çatdırılıb ki, Azərbaycanda xəstəxanadaxili infeksiyaların miqyası epidemioloji hədləri aşmır, xəstəxanalarda hər gün dezinfeksiya işləri aparılır.
Xəstəxana sterilizasiyası sahəsində dünyada aparıcı təşkilat olan Beynəlxalq Elm Federasiyasının fəxri prezidenti Villi Renders, bu təşkilatın vitse-prezidenti və Türkiyə Dezinfeksiya, Antiseptika və Sterilizasiya Dərnəyinin rəhbəri, Kayseri şəhərindəki Erziyes Universitetinin klinik mikrobiologiya kafedrasının professoru Duyğu Perçin, Fransanın “Anios Laboratories” şirkətinin regional meneceri Esra Pehlivan və başqalarının konfransda çıxışları böyük maraqla qarşılanıb.
Tədbirin sonunda Azərbaycan Dezinfeksiya, Antiseptika və Sterilizasiya Assosiasiyasının yaradılmasının məqsədləri barədə maarifləndirici sosial reklam çarxı nümayiş etdirilib.
Fevralın 22-də Milli Onkologiya Mərkəzində xəstəxanadaxili infeksiyalara nəzarətin müasir metodları mövzusunda seminar keçiriləcək.

 

Səhiyyə 2018-02-21 14:22:00