×
A
A
A
Sazlamalar

Elektron hökumət, e-İDAS və e-ticarət sahəsində standartlar hazırlanır

Bakı, 21 oktyabr, Elvira Məmmədova, AZƏRTAC
Hazırda Avropa İttifaqının dəstəyi ilə Azərbaycan Respublikasında elektron xidmətlərin və e-ticarətin inkişafının gücləndirilməsi layihəsi üzrə işlər aparılır. Bu layihə çərçivəsində Elektron hökumət, e-İDAS və e-ticarət sahəsində standartlar hazırlanır.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Elnar Əsədov Bakıda keçirilən Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransında məlumat verib.
E.Əsədov qeyd edib ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, elektron imza sahəsində beynəlxalq əməkdaşlığın tənzimlənməsi NRYTN tərəfindən aparılır. Dövlətlərarası elektron ticarətin inkişafında beynəlxalq miqyasda elektron imzaların qarşılıqlı tanınmasının rolundan danışan MHM-in direktoru bildirib ki, elektron imza sahəsində müvafiq icra hakimiyyəti orqanı olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu istiqaməti prioritet hesab edir və xarici ölkələrlə danışıqları davam etdirir. İlkin olaraq Türkiyə, İran, Qətər və Ukrayna ilə danışıqlara başlanılıb.
Elektron imzanın e-ticarətdə tətbiqindən danışan E.Əsədov elektron imzanın internet bankçılıqda, sığorta xidmətlərində, virtual ofislərdə, e-sifarişdə, e-müqavilələrdə və e-ödənişlərdə tətbiq oluna biləcəyini söyləyib: “2018-ci ildən ölkə vətəndaşlarına veriləcək yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatları yerləşdiriləcək. Potensial olaraq 8 milyon 200 mindən çox elektron imza sertifikatlarına sahib olacaq ölkə vətəndaşları sözsüz ki, elektron ticarətin də fəal iştirakçısına çevriləcək”, - deyə E.Əsədov bildirib.
Milli Sertifikat Xidmətləri Mərkəzinin 12356 dövlət qurumu, hökumət təşkilatı və bələdiyyə, o cümlədən 35020 vətəndaş və biznes subyekti ilə birgə çalışdığı qeyd olunub. 2016-2017-ci illər ərzində 41 714 elektron imza sertifikatının istifadəyə verildiyi və 2015-2017-ci illər ərzində elektron imza sertifikatları vasitəsilə imzalama sayının 23 milyona yaxın olduğu diqqətə çatdırılıb.
Ölkəmizdə NRYTN-in Milli Sertifikat Xidmətləri Mərkəzinin Açıq Açar İnfrastrukturunda iyerarxik modelə əsaslanan Kök Mərkəzinin fəaliyyəti ilə bağlı da ətraflı məlumat verilib. Bildirilib ki, mərkəzin funksiyalarından biri iyerarxik struktura daxil olan bütün mərkəzlər üçün təkmil sertifikatların verilməsidir. Strukturun ən üst səviyyəsində olan Kök Mərkəz ikinci səviyyəli mərkəzlərin (Hakimiyyət Orqanları Mərkəzi, Elektron Hökumət Mərkəzi, Vergilər Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzi və Mərkəzi Bankın Sertifikat Xidmətləri Mərkəzi) reyestrə alınmasını və fəaliyyətini tənzimləyir.

İKT 2017-10-21 12:35:00