×
A
A
A
Sazlamalar

İnsanların məlumatlarının toplandığı layihələrdə informasiya təhlükəsizliyinə tam riayət olunmalıdır – Ekspert

Bakı, 29 avqust, AZƏRTAC
Hazırda özəl sektorda xidmətlər fərdi məlumatlarla işləyir. Artıq insanların məlumatları toplanılır, saxlanılır və təbii ki, bu da özlüyündə kibertəhlükəli məqamlar yaradır. Bu istiqamətdə son 5 ildə ölkəmizdə kifayət qədər böyük layihələr icra olunub. Bu layihələrin hər biri informasiya təhlükəsizliyi istiqamətində, həm də kibertəhlükəsizlik istiqamətində qanunvericiliklə tam uyğunlaşmalı idi. Belə ki, istər dövlət sektorunda, istər özəl sektorda insanların məlumatlarının toplandığı layihələrdə onların informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məqamlarına tam riayət olunması zəruridir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov bildirib.
Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə ötən gün təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın çox zəruri addım olduğunu söyləyən E.Abbasov deyib: “Bu Sərəncam bir neçə ildir ki, gözlənilirdi. Ölkəmizdə rəqəmsallıq bir neçə istiqamətdə, çoxşaxəli inkişaf edir, həm dövlət, həm özəl sektorda bu inkişaf görünür. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən 2022-ci il noyabrın 16-da təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində də kifayət qədər rəqəmsal layihələr icra olunur”.
Ekspert deyib ki, ölkəmizdə bu sahədə son bir neçə ildir ki, kiberinsidentlər baş verir. “Vətəndaşların məlumatları ilə bağlı həm dövlət portallarında, həm də özəl sektordakı sistemlərdə kiberinsidentlər baş vermişdi. Bunun əsas səbəbi standartlara tam riayət olunmaması halları, həmçinin müəyyən boşluqların olması idi ki, orada mütləq qanuna istinad olunmalı idi. Bütün bu qeyd olunan istiqamətlərdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qanunvericiliyin inkişafı çox zəruri idi. Bir neçə ildir ölkəmizdə insanlar kibertəhlükəsizlik, kiberdələduzluq halları ilə qarşılaşırlar və bu hallarda vətəndaşların hüquqları qanunvericiliklə tam təmin olunmurdu, çünki müəyyən boşluqlar mövcud idi. Bu Sərəncam Prezidentimiz tərəfindən təsdiqləndi. Nəticə olaraq, Sərəncamdan irəli gələrək qeyd olunan bütün aidiyyəti qurumlar birgə fəaliyyət göstərərək qanunvericilik istiqamətində kifayət qədər təkmilləşmə işləri aparmalıdırlar. Düşünürəm ki, bunun həm dövlət, həm özəl sektor üçün çox böyük faydaları olacaq”, - deyə ekspert əlavə edib.

İKT 2023-08-29 12:08:00