×
A
A
A
Sazlamalar

Zərdabın 2 kəndində yem emalı müəssisəsi istifadəyə verilib

Zərdab, 20 oktyabr, AZƏRTAC

Zərdab rayonunun Gödəkqobu və Dəli Quşçu kəndlərində tikilən yem emalı müəssisələrinin inşası başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMİ) tərəfindən icra olunan layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilib.
Hər iki kənddə yem emalı müəssisəsinin istifadəyə verilməsi münasibətilə tədbirlər keçirilib. Tədbirlərdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD), ABŞ-ın ölkəmizdəki səfirliyinin, Şərq-Qərb İdarəetmə İnstitutunun (EWMİ), Zərdab Rayon İcra Hakimiyyətinin, yerli özünüidarəetmə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, yeni yem emalı müəssisələrinin istifadəyə verilməsi kənd sakinlərinin heyvandarlıq və əkinçilik fəaliyyətinə müsbət təsir göstərəcək, baha olmayan qidalı yem çatışmazlığını aradan qaldıracaq.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, habelə layihənin icraçılarına təşəkkürlərini bildiriblər.

Kənd təsərrüfatı 2017-10-20 15:37:00