×
A
A
A
Sazlamalar

Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb

Şəki, 24 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunun yaşayış məntəqələrində kənd təsərrüfatı üçün təhlükəli zərərverici hesab edilən qəhvəyi mərmər bağacığın aşkar edilməsi və yayılma təhlükəsinin aradan qaldırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzi tərəfindən zəruri tədbirlər davam etdirilir.
Mərkəzin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə AXA tərəfindən verilmiş 100 ədəd feromon tələ Şəkinin Qax rayonu ilə həmsərhəd kəndlərində, həmçinin magistral yol ətrafı kəndlərdə kodlaşdırılaraq asılıb, koordinatları vurulub və GPS kamera ilə fotoşəkilləri çəkilib. Feromon tələlər rayonun 12 kəndini əhatə edir. Eyni zamanda, Şəki Meşə Təsərrüfatı İdarəsinə verilmiş 10 ədəd feromon tələ Aşağı Göynük kəndi ərazisində yerləşən meşə zolağında asılıb.
Mərkəzin rəisinin sözlərinə görə, asılmış feromon tələlərin davamlı olaraq izlənməsi həyata keçirilir. Bu məqsədlə indiyədək 8 monitorinq keçirilib və bu proses həftədə bir dəfə davam etdirilir. Feromon tələlərin üzərinə saysız-hesabsız müxtəlif həşəratlar, çöl milçəkləri yapışsa da, indiyədək qəhvəyi mərmər bağacığı aşkar edilməyib.

Kənd təsərrüfatı 2023-08-24 13:21:00