×
A
A
A
Sazlamalar

Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər

Balakən, 26 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında əsas yerlərdən birini tutur. Bu il rayonun fermerləri 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 142 hektar artırılıb. Bundan əlavə, təsərrüfatçılar bu il 225 hektar sahədə dən üçün təkrar qarğıdalı da əkiblər. Rayonun bəzi təsərrüfatlarında artıq qarğıdalı yığımına başlanılıb. İlk günlər 250 hektaradək sahənin məhsulu yığılıb, 1600 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 64 sentner təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qeyd edək ki, hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada ön sırada yer alır. Ötənilki mövsümdə balakənli fermerlər 7 min 677 hektar sahədən 50 min 668 ton dən qarğıdalı əldə ediblər. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 351 ton artıb.

Kənd təsərrüfatı 2023-08-26 03:21:00